Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçularına fəxri ad, orden və medallar verilib.
Onların arasında Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə humanitar şöbəsinin baş məsləhətçisi Məmmədov Həsən Surxay oğlu da var. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə, uzun müddət şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ölkə başçısının digər sərəncamı ilə - Milli Mətbuatımızın 140 illiyi ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncamla “Новости Гянджи” qəzetinin baş redaktoru Kalaşnikova İrina Vladimirova “Tərəqqi” medalına layiq görülüb.
İrina Kalaşnikovanın 1995-ci ildən rəhbərlik etdiyi “Новости Гянджи” qəzeti bu gün də şərəfli missiyasını uğurla davam etdirir və oxucular tərəfindən maraqla oxunur. Peşəkar jurnalist İrina Kalaşnikova səmərəli fəaliyyətinə, şəhərimizin ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə mükafatlandırılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I yarımilliyin yekunlarına görə keçirilən hesabat yığıncağında Həsən Məmmədova və İrina Kalaşnikovaya təntənəli surətdə mükafatları təqdim edərək onları təbrik edib, şərəfli işlərində daha böyük uğurlar arzulayıb.
Həsən Məmmədov və İrina Kalaşnikova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, daha məsuliyyətlə çalışaraq, bu etimada layiqli işləri ilə cavab verəcəklərini bildiriblər.