97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevin seçki kampaniyası davam edir.
Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, A.Vəliyevin seçiciləri ilə növbəti görüşü Yevlax şəhərində baş tutub. Yevlax şəhərindəki məcburi köçkün qəsəbəsində seçicilərlə keçirilən görüş kifayət qədər izdihamlı olub.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahı Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev tədbiri giriş sözü ilə açaraq deputatlığa namizəd Ağalar Vəliyev haqqında seçicilərə ətraflı məlumat verib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahı Ağdam rayon şöbəsinin üzvü Habil Abbasov deputatlığa namizəd Ağalar Vəliyevin tərcümeyi-halı barədə seçiciləri məlumatlandırıb.
Daha sonra deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında geniş və əhatəli çıxış edib. A.Vəliyev ötən beş ildə parlamentdəki fəaliyyəti haqda hesabat xarakterli çıxış edib və seçiciləri əmin edib ki, ona etimad göstəriləcəyi təqdirdə 11 saylı Qaradağ seçki dairəsində gördüyü quruculuq-abadlıq işlərini, seçicilərə göstərdiyi diqqət və qayğını burada da davam etdirəcək.
Seçicilərdən Tofiq Əliyev, Ceyhun Bağırov, Rövşən Əkbərov çıxış edərək Ağalar Vəliyevin deputatlıq fəaliyyəti ilə yaxından tanış olduqlarını bildiriblər. Onun təəsübkeş millət vəkili olduğunu söyləyən natiqlər qeyd edilbər ki, noyabrın 1-də YAP-ın namizədi olan Ağalar Vəliyevə səs verəcəklər.