Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.
MPQ üzvləri tərəfindən həmin müəssisədə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb. Görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri yerində araşdırılıb. Məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Yalnız həmin müəssisədə cəza çəkən İlqar Məmmədov ona qarşı kobud rəftara yol verildiyini bildirib. O, təkbətək qəbul edilib. MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar olunmayıb. Müraciəti üzrə qaldırdığı məsələlər yerində araşdırılıb, İ. Məmmədov əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.
İ. Məmmədovun vəkillərinin də müraciətləri nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.
Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müvafiq təmir işlərinin aparılması müşahidə olunub, habelə qarşıdan gələn parlament seçkiləri ilə bağlı bu müəssisədə məhkumların seçki hüququnun təmini məqsədilə yaradılmış şərait və onların səsvermədə iştirak edəcəkləri seçki məntəqəsinə baxış keçirilib.
Başçəkmə çərçivəsində müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.