2 Dekabr 2015 18:51
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin qurulması işini və ünvanvermə prosesini davam etdirir.

Komitədən verilən məlumata görə, respublika üzrə ünvan reyestrinin aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə vahid ümumdövlət ünvan mənbəyi - Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri məhz bu sistem təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.

Yeni ünvan sisteminin tətbiqi, daşınmaz əmlak obyektlərinə yeni yanaşmalar əsasında ünvanların verilməsi ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşların sosial–məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Yeni qaydalara əsasən ünvan vermədə bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası" deyil, "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları mövcuddur. O cümlədən, Bakı şəhərinin 758 küçə və prospektində, Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195 küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi yekunlaşıb. Bütün bu məlumatlar Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13527 adsız küçə formalaşdırılıb. Yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaqdır.

Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir. Hazırda komitə tərəfindən yeni dizaynda informasiya, park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması işləri davam etdirilir. Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb.

Yeni ünvan sisteminin yaradılması ünvanların tez və rahat tapılmasına imkan verəcək, eləcə də müxtəlif xidmətlər göstərən dövlət qurumlarının işini asanlaşdıracaq.

İLHAMƏ


Müəllif: