Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasını keçirilib.
Teleqraf.com xəbər verir ki, komitənin sədri Rafael Hüseynov parlamentin öncəki çağırışlarında bu komitəyə çox dəyərli ziyalıların rəhbərlik etdiyini qeyd edərək, onların qanunvericilik sahəsində Azərbaycan mədəniyyətinə layiqli töhfələr verdiyini minnətdarlıqla vurğulayıb, bu baxımdan komitə üzvlərinin öhdəsinə böyük məsuliyyət düşdüyünü bildirib.
Rafael Hüseynov Mədəniyyət komitəsinin işinin günün tələbləri səviyyəsində qurulmasına dair fikirlərini açıqlayıb, gələcək planlar barədə məlumat verib.
Komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra qanun layihələrinə baxılıb.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov bildirib ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə təklif edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə görə, KİV-in istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
İclasda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov İnzibati Xətalar Məcəlləsinə 223-11-ci maddənin əlavə edilməsi barədə şərh verib. Həmin maddəyə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan ölkə ərazisində yayımına və kütləvi nümayişinə görə iki min manat miqdarında cərimə tətbiq ediləcək.
Gündəlikdəki üçüncü məsələdən söz açan Rafael Hüseynov Azərbaycanın radio və televiziya məkanında ədəbiyyat və incəsənətlə bağlı aparılan proqram siyasətinin koordinasiya məsələlərindən danışdı. Bildirdi ki, əlaqədar dövlət və hökumət qurumlarının nümayəndələrinin, sahə mütəxəssislərinin iştirakı ilə bir ay sonra toplantı keçiriləcək və bütün mühüm məsələlər orada müzakirə olunacaq.
İclasda Mədəniyyət komitəsi sədrinin müavini Jalə Əliyeva və digər çıxış edənlər sözü gedən məsələlərə dair fikirlərini açıqladılar. Müzakirəyə çıxarılmış qanun layihələrinin mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Nemət