12 Fevral 2016 13:55
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Avtomobil nəqliyyatı haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com-un xəbərinə görə, Komitə sədri Ziyad Səmədzadə deyib ki, layihə avtomobil və sərnişin daşınmasında təhlükəsizliyin və məsuliyyətin artırılması ilə bağlıdır: “Layihə sürücülərə aid qaydalara bağlıdır. Qanuna əsasən, 22-65 yaşında olan və 5 illik təcrübəyə malik şəxslər sürücü işləyəcəklər. Əvvəllər bu rəqəm 21 yaşına qədər idi. Yaşla bağlı müzakirələr aparılıb və müzakirələr zamanı təkliflər də irəli sürülə bilər”.

Deputat Bəxtiyar Əliyev isə qeyd edib ki, bəzən böyük avtobusları sürücülük vəsiqəsi olmayan, eləcə də məhkumluğu götürülməyən şəxslər idarə edir. O, əlavə edib ki, qəzalarda ölənlərin sayı təbii ölümlə ölənlərin sayından çoxdur: “Bəzən "Elmlər Akademiyası" metrosunun qarşısında görürsən ki, 10 avtobus yolun o tərəfində, 10 avtobus isə bu tərəfindədir. Yollarda da tıxac olur. Üstəlik qırmızı işıqfordanda keçirlər. Bunu edənlər kimdir, onlara bu imtyazı kimlər verib?”

Deputat qeyd edib ki, hər yerə parkamatlar düzüblər: “Bu çox yaxşı haldır. Ancaq bəzən parkamatları bir yollu ərazidə edirlər. Nəticədə də tıxaclar olur. Bunu hansı icazə və hansı əsaslarla edirlər. Bəzən avtobus dayanacağında taksilər durur. Bəs sərnişin harada avtobusa minməlidir. Bütün bunlar ictimaiyyətdə narazılıq yaradır. Nəhayət, bu sahədə bir intizam yaradılmalıdır. Hesab edirəm ki, bu məsələlər kompleks şəkildə həll edilməlidir”.

Deputat Çingiz Qənizadə isə deyib ki, 22 yaş məsələsinə qarşıdır: "Hər hansı şəxs 18 yaşında sürücülük vəsiqəsi alsa, 22 yaşında onun 4 illik təcrübəsi olur. "Bakubas"da vəziyyət normaldır, onlar sürücülərlə bağlı yaxşı seçim edirlər. Ancaq digər marşurutlarla bağlı problem qalır. Əvvəl bu işə Nəqliyyat Nazirliyi müqavimət göstərirdi. İndi bu istiqamətdə iş aparılmalıdır. 22 yaşlı gəncə 30 nəfərin taleyini necə etibar etmək olar? Gəlin, bunu 25 yaş edək. Heç olmasa, həyatın sərt üzünü görən insanlar böyük tutumlu avtobusların arxasına keçsin. Bəzən analar övladlarını avtobusa mindirəndə dua edirlər ki, uşağı sağ-salamat mənzil başına çatsın. Məncə, yaş həddi ilə bağlı müvafiq icra orqanı ilə danışıqlar aparılmalıdır. Bu, insan ölümünün azalması demək olardı”.

Deputat Siyavuş Novruzov qeyd edib ki, bu layihə dünən komitədə də müzakirə edilib: “Yaş həddi hesablama ilə də uyğun gəlmir. 18 yaşlı gənc həm də hərbi xidmətə gedir. Yaşın çoxluğu onu çılğınlıqdan, gənclikdən bir qədər uzaqlaşdıracaq. Hesabatlara nəzərə salanda ölümlərin çoxu avtobuslarda olur. Bu onunla bağlıdır ki, avtobusda qayda-qanuna riayət edilmir. Biri musiqi qoyur, digəri siqaret çəkir, başqası telefonla danışır və s. Biz qanunun təkmil olması üçün bəzi məqamları nəzərə almalıyıq. Eləsi var ki, 10 ildir təcrübəsi var, amma qatardan düşən kimi gəlib Bakıda avtobusda əyləşir. Heç yeri də düz tanımır. Hesab edirəm ki, həm şəhərdaxili, həm də rayonlara işləyən avtobus və taksilərlə bağlı bu qaydalar tətbiq edilməlidir. Bəzən taksiyə minəndə özün yolu göstərirsən”.

Spiker Oqtay Əsədov da bildirib ki, 23 yaş həddi məsələsinə baxılmalıdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər