3 Aprel 2016 12:54
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, təşkilatın idarə heyətinin üzvləri Şaiq Süleymanov, Nəsib Cəfərov və Tahir Bayramov cəbhə bölgəsinə yola düşüblər.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, QAT rəhbərliyinin bu səfərdə məqsədi Tərtər, Ağdam və digər döyüşlər gedən istiqamətlərdə yerli əhali ilə görüşmək, insanlara mənəvi dəstək verməkdir. Onlar həmçinin istəyirlər ki, ordunun tələblərinə uyğun olaraq gücləri çatan işlərlə köməkliklərini göstərsinlər.

QAT sədri Akif Nağı bununla bağlı deyib: “Döyüşlərin getdiyi bir vaxtda cəbhə bölgəsində olmaq bizim mənəvi borcumuzdur. Biz həmişə müharibənin başlamasını istəmişik indi hər kəs qələbə naminə əlindən gələn köməyi etməlidir. Biz ordumuzun gücünə və qalib gələcəyinə inanırıq”.

Qarabağ Azadlıq Təşkilatının bütün rayon şöbələri cəbhəyə səfərbər olmağa hazır olduqlarını bildiriblər. Bu gün QAT Şəki və Ağsu şöbələrinin sədrləri Elxan Rəhimov və Elşən Məmmədli də üzvləri ilə birlikdə cəbhə bölgəsinə yola düşüblər. QAT-ın Ağdam, Bərdə, Tərtər şöbələri cəbhə bölgəsində qüvvələrini səfərbər ediblər və hərbi rəhbərliyin komandasını gözləyirlər.

Qeyd edək ki, bir gün qabaq Qarabağ Azadlıq Təşkilatı cəbhədə son hadisələrlə bağlı Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova müraciət edib.

Müraciətdə deyilir: “Bu gün cəbhə xəttindən hərbi əməliyyatların başlamasına dair xəbərlər gəlir. Biz inanırıq ki, Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinin qarşısını alacaq, düşmənə layiqli cavab verəcək, düşməni darmadağın edərək torpaqlarımızın işğaldan azad olunmasına nail olacaq. Biz lokal döyüşlərin geniş hərbi əməliyyatlara çevrilməsini, sonuncu düşmən əsgərinin torpaqlarımızdan qovulub çıxarılacağı günə qədər davam etdirilməsini istəyirik. Biz Qarabağ Azadlıq Təşkilatının üzvləri olaraq Orduya səfərbər olmağa, istənilən sahədə öz imkanlarımız daxilində ümumi işimizə, qələbə naminə mübarizəmizə yardımcı olmağa, kömək etməyə hazırıq. Xahiş edirik bizim orduya, ordunun ehtiyaclarına səfərbər olunmağımız üçün göstəriş verəsiniz”.


Müəllif:

Oxşar xəbərlər