3 Aprel 2016 17:52
1 341

Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilib.

Bunu müdafiə naziri Zakir Həsənov aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

Müdafiə naziri məruzə edib:"Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirmişdir. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilmişdir. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.

Əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçirmişlər. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirmiş və zərbələr endirmişlər. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir. Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirmişdir. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınmışdır. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmışdır. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilmişdir. Onu da məruzə edirəm ki, bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər".


Müəllif: