6 Aprel 2016 12:28
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdən Azərbaycan ordusu alnıaçıq çıxdı. Düşmən təxribatlarının qarşısını uğurla alan ordumuz keçirdiyi bir neçə əməliyyatlarla işğal altında olan ərazilərimizdəki yüksəkliklərdə möhkəmləndi. Ordumuz təmas xəttinin əksər istiqamətlərində strateji əhəmiyyətli məntəqələrin geri qaytarılması üçün həyata keçirdiyi əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi.

Rəsmi məlumatlara görə, Azərbaycan ordusu 31 şəhid verib. 4 mülki şəxs ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində dünyasını dəyişib. Ermənistan tərəfinin açıqladığı rəsmi məlumatlarda belə itkilərinin bizdən qat-qat artıq olduğu görünür.

Təmas xəttindəki döyüşlərdə Azərbaycan ordusu kimi dinc əhali də öz qəhrəmanlığını göstərməyi bacardı. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar, düşmənin məhv edilməsini əks etdirən videogörüntülər və məlumatlar barədə Müdafiə Nazirliyi hadisələr baş verdiyi gündən mütəmadi olaraq rəsmi məlumatlar verməkdə davam edir.

Əsgərin səngərdə döyüşdüyü bir vaxtda kəndləri tərk etməyən həmvətənlərimiz də onlara dəstəyini bu cür göstərməyə çalışdı.

Cəbhə bölgələrinin qorxmaz insanlarının bu cəsarətli addımını işıqlandırmaq üçün atəş xəttinə yollanan media nümayəndələri arasında “Yeni Müsavat” qəzetinin reportyor qrupu da oldu.

Əməkdaşlarımız Ağdam rayonunun təmas xəttində yerləşən bir neçə kəndində olaraq sakinlərin əhval-ruhiyyəsini, yaşadıqları vəziyyəti yerində görmək, düşmən atəşi nəticəsində kəndlərə dəyən ziyanları ictimaiyyət üçün işıqlandırmağa çalışıb.

Reportyorlarımızın aprelin 4-ü və 5-də Ağdamın müxtəlif kəndlərində gördüklərini, lentlə aldıqlarını təqdim edirik:

***

Aprelin 4-də Ağdama yollanarkən ilk olaraq axşam saatlarında mərkəzdə- Quzanlı qəsəbəsində olduq. Qəsəbənin mərkəzində xeyli sayda şəxsin toplaşdığını, ətrafda polis əməkdaşlarının olduğunu gördük. Ərazidə toplaşan şəxslərlə söhbətimizdə öyrəndik ki, onların əksəriyyəti qəsəbə sakinləridir. Ətrafda olan xeyli sayda maşında isə yalnız qadın və uşaqlar var idi. Ağdam sakinləri deyir ki, döyüşlər başlayandan yalnız qadınlar, uşaqlar və xəstə olan yaşlılar kəndlərdən çıxarılıb. Qalan insanlar isə öz evlərindədir. Əksər kəndlərdən qadınlar axşam çıxarılsa da hava işıqlananda geri qayıdırlar.

“Kişilərin hamısı kəndlərdədir. Yalnız uşaqlarını və ailəsini çıxarmaq üçün kənddən çıxan var. Bu əraziyə gələnlər də ev olmadığından maşınlarda ailəsini yerləşdirdikdən sonra kəndə qayıdır. Ən azından hər evdən bir kişi öz kəndindədir”- deyən Ağdam sakinləri evlərini tərk etmədiyini bildirir.

Ətrafda olan xeyli sayda polis əməkdaşları isə 24 saat rayon və kəndlərdə nəzarəti həyata keçirir.

“Qaqa, tonqala kartof atmışıq. Qonağımız olun...”

Gecəni Ağdamın Alıbəyli-2 qəsəbəsində keçirməyi planlaşdırmışdıq. Qəsəbəyə aparan yollarda qruplar şəklində toplaşan sakinləri görürük. Tonqal ətrafına toplaşan kişilər, gənclər bizim mətbuat nümayəndələri olduğumuzu bilib, onlarla söhbətə çağırırlar.

Qəsəbədə işıq yanmır, bəzi evlərdə generator işığı görünür. Gecənin uzun olduğunu deyən 20-25 yaşlı qəsəbə sakinlərindən biri “Qaqa, tonqala kartof atmışıq. Qonağımız olun. Onsuzda işıq yoxdur, qaz da kəsilib. Gəlin söhbət edək” deyərək bizi tonqal ətrafına çağırır.

Elə ilk söhbətimizdə kənd sakinlərinin əhvali-ruhiyyəsinin yüksək olduğunun, keçirilən uğurlu əməliyyatların onlara güvən və inam verdiyini hiss edirik. Ümumi söhbət Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlar ətrafında davam edir. Söhbət əsnasında ağdamlılardan başqa şəxslərdən eşitdikləri döyüş xəbərlərini də dinləyirik.

Qəsəbəyə elektrik enerjisinin verilişi aprelin 4-də günorta saatlarından sonra dayanıb. Buna səbəb ermənilərin qəsəbəni elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasını vurması idi. Tonqal ətrafındakı söhbətlərimiz Ağdam, Tərtər istiqamətlərində ağır artileriyadan atılan atəşlərlə kəsilir.

Səhəri Alıbəyli 2 qəsəbəsində açırıq. Yolumuz təmas xəttində olan kəndlərədir.

“Başlamışıqsa, işi bitirmək lazımdır”

Yolumuzu ilk olaraq Səfərli qəsəbəsindən salırıq. Səfərli və ona bitişik olan Baharlı qəsəbəsi qaçqınlar üçün salınan yaşayış məntəqələridir. Artıq bir dəfə qaçqınlıq həyatı yaşayan bu insanlar bir daha eyni aqibəti yaşamaq istəmirlər. Elə bu səbəbdəndir ki, söhbətləşdiyimiz insanlardan “başlamışıqsa, işi bitirmək lazımdır” cümləsini tez-tez eşidirik.

Ordumuza, əsgərimizə olan inamı, güvəni hər cümlələrində bizə çatdırmağa çalışan Ağdam sakinləri son hadisələrdən sonra işğal altında olan ərazilərimizin azad ediləcəyini səbirsizliklə gözləyir. Hər iki qəsəbənin mərkəzi yollarında kənd sakinləri toplaşıb. Onlar uşaqları və yaşlıları evlərdən çıxardıqdan sonra kəndlərində sakin kimi yox, əsgər kimi növbə çəkirlər.

İlyas Quliyev Baharlı qəsəbəsinin sakinidir. Ehtiyatda olan zabit kimi deyir ki, bir əmrlə döyüş bölgəsinə getməyə hazırdır: “Biz 24 ildir bu günü gözləyirdik. Artıq zamanıdır. Torpaqlarımız işğaldan azad edilməlidir. Biz ali baş komandan İlham Əiliyevin əmrini gözləyirik. Bilirik ki, ordumuzun lazımı qüvvəsi var. Ancaq istəyirik ki, əsgərimiz bilsin ki, biz onun yanındayıq”.

Yol boyu əkin sahələrində çalışan kənd camaatını, heyvan otaran sakinləri görürük. İnsanlarla söhbətimizdə müharibə abu-havasını aydın müşahidə edirik. Səfərli qəsəbəsinə bu günədək düşmən zərbələri dəyməsə də Baharlı qəsəbəsinə aprelin 2-də bir neçə mərmi düşüb. Eyni ilə sonrakı günlərdə də. Nəticədə evlərə və həyətyanı sahələrə ciddi ziyan dəyib.

Yolda qarşımıza heyvanlarını otladan Taleh Piriyev çıxır. Ondan gəldiyi kənddəki vəziyyəti və insanların əhval-ruhiyyəsini soruşuruq. Aldığımız cavab heç də bu vaxtadək eşitdiklərimizdən fərqli olmur:

“Döyüşlər başlayandan hər gecə burda olmuşuq. Yisfcanlı kəndində yaşayırıq. Qadınları və uşaqları yola salmışıq. Özümüz kəndimizdə postdayıq. Heyvanları otlağa aparıb geri qayıdıram. Ordumuzun gücünə inanırıq. Şükürlər olsun ki, artıq qələbə yaxınlaşır.

Vətənimiz üçün canımızdan da keçməyə hazırıq”

Baharlıdan sonra yolumuz Əhmədağalı kəndinədir. Əhmədağalı xain düşmənin atəşi nəticəsində mülki şəxslərindən itki verən Ağdam kəndlərindən biridir. Yaşayış məntəqələrini gecə-gündüz atəşə tutmaqdan çəkinməyən ermənilər bu kənddə xeyli sayda evi yararsız vəziyyətə salıb, mal-heyvan tələfatına səbəb olublar. Aprelin 4-də kənd məscidinin yaxınlığına düşən mərmi kənd sakini Qaraş Dadaşovun həyatına son qoyub. Kənd sakininin 16 baş heyvanı da məhv olub. Mərmi düşən evlər tamamilə dağılıb. Qonşu evlərə mərmi düşsə də kənd sakinləri öz evlərində görürük.

“Biz gecələr kənddə posta çıxırıq. Əsgərimzin yanındayıq”

Ərazidə xidmət aparan polis əməkdaşları ilə də söhbətləşib, rayondakı ümumi vəziyyəti öyrənirik. Polis əməkdaşları deyir ki, düşmənə lazım olan cavabı ordumuz verir, onlar isə sadəcə olaraq kənddə nəzarəti həyata keçirilər.

Torpaqlarımızın işğalından sonra hər gün düşmən gülləsi ilə üz-üzə olan Çəmənli kəndi bizə heç də yad deyil. Düşmənin atəşkəsi pozması nəticəsində mərmi altında olduğunu Müdafiə Nazirliyinin rəsmi məlumatlarında daim gördüyümüz Çəmənli bu dəfə normal günlərdən qat-qat artıq düşmənin hədəfinə çevirilib. Aprel ayının 2-dən etibarən kəndə onlarla mərmi düşüb. Xoşbəxtlikdən insan təlafatı qeydə alınmasa da xeyli sayda mal-heyvan tələf olub. Kəndin məktəbi də düşmən gülləsinin hədəfində olub. Hazırda kənddən uşaqlar və yaşlılar çıxarılıb.

Aprelin 3-də kənd sakini Şakir Şahlarovun evi düşmən mərmisinə tuş gəlib. Evin bir hissəsi uçub, tövlə tamamilə dağılıb. Tövlədə olan inək və digər xırda buynuzlu heyvanlar tələf olub. Ev yararsız vəziyyətdə olduğundan sakinlər oranı etməli olublar.

Aprelin 4-ü və 5-də də kənd müxtəlif vaxtlarda atəşə tutulub. Aprelin 5-də səhər saat 10 radələrində Çəmənliyə atılan mərmilərdən biri Nərminə Soltanovanın yaşadığı evin həyətinə düşüb. Soltanovlar ailəsi və qonşuları bu zaman evlərində yox, həyətdə olublar. Kənd sakinlərindən təxminən 150 metr kənara düşən mərmilər evlərə ziyan vurub.

Nərminə Soltanova deyir ki, evlərdə olmadıqları üçün onlardan heç biri xəsarət almayıb. Lakin həyətdə olan qoyunlar və at mərmilərin qəlpəsindən ciddi xəsarət alıb. Bir neçə heyvan məhv olub. Evlərin tavanı, pəncərələr dağılıb. Həyətdə olan ağaclar da qırılıb.

“Dünən də kəndə atırdılar. Bir iki evə də ziyan dəymişdi. Bu gün də səhərdən atmağa başladılar. Qonşularla həyətdə yığışmışdıq. Əsgərlərimizin cavab atəşindən sonra susdular. Hamımız kənddəyik. Əsgərlərimiz bizi qorumaq üçün səngərdədir. Biz buranı qoyub hara gedə bilərik? Səngərdəkilər bizim balalarımızdır”- deyən N.Soltanova döyüşlər başa çatana qədər evlərini tərk etməyəcəklərini deyir.

Həsən Məmmədovun evi də atılan atəşlər nəticəsində zərər görüb. Sahədə olan mal-qaraya isə ziyan dəyib.

“Səhərdən evdən çıxmışdıq. Mal-heyvanı çölə aparmışdıq. Elə bu döyüşlər başlayanda olduğu kimi indi də evdəyik. Uşaqları qohumların evinə göndərmişik, ancaq özümüz torpağımızda, yurdumuzdayıq. Əvvəl necə, indi də elə həyatımızı yaşayırıq” - deyən H.Məmmədov mülkünə və həyətyanı sahəsinə dəyən zərəri göstərir.

Kənd camaatı gecələr posta çıxır...

Kənd sakini Qaməddin Qurbanov hava qaraldıqdan sonra bir yerə toplaşdıqlarını və gecə saatlarınadək kənd mərkəzində və girişlərdə oturduqlarını söyləyir: “Bəzən kəndə tanımadığımız insanlar gəlir. Bunlar arasında jurnalistlər də olur, nə məqsədlə gəldiklərini bilmirik. Rusiyadan gələn jurnalistlərin nə əməl törətdiklərini gördük. Ona görə biz də kənd sakinləri olaraq dövlətimizə dəstək olmağa çalışırıq. Axşamlar da, səhərlər də kənddə postdayıq. Heç kim, heç bir yerə getmir. Özümüz üçün kənd içində sığınacaqlar düzəltmişik. Axşamlar burada müşahidələr aparırıq”.

Çəmənliyə qonşu olan Zəngişanlı da atılan atəşlər nəticəsində ziyan görən kəndlərimizdəndir. Kənddə bir neçə ev tamamilə dağılıb. Aprel ayının 2-dən kəndin müxtəlif ərazilərinə xeyli sayda artileriya zərbələri endirilib.

Aprelin 5-də səhər saatlarında atılan mərmilər kənd sakini Cavid Qurbanovun həyətyanı sahəsinə düşüb. Həyətdəki ağaclar qırılıb, evin dam örtüyünü yararsız vəziyyətə salıb.
1-ci Sarıcalı lənd tam orta məktəbi də düşmənin atəş zərbələrinə məruz qalıb. Məktəbin dam örtüyü dağılıb, binanın bir hissəsi uçub.

Ordunun cəbhədəki qəhrəmanlığından ağız dolusu danışan Ağdam sakinləri mətbuatdan eşitdikləri xoş xəbərlə qələbəyə daha çox ümidlənirlər. Gördüyümüz, müşahidə etdiklərimiz budur ki, artıq 24 ilin həsrəti hər kəsin səbrini daşırıb. “Başlamışıqsa, bu işi bitirək” deyən cəbhə bölgəsinin insanları döyüş əmrini gözləyir.

Ağdam Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elçin Qasımov da bizi ürəkləndirən sözlər deyir. Polis rəisi ordumuzun uğurlarından danışarkən inamlı olmağımızı istəyir.

“Ordumuz irəlidədir. Xoş xəbərləri neçə gündür hamımız eşidirik. Biz də xidmətdəyik. Hər an veriləcək əmrə hazırıq”- deyən polkovnik hər kəsi təmkinli olmağa çağırır və vəziyyətin daim nəzarət altında olduğunu əminliklə bildirir.

Biz Ağdamdan ümidlə, aldığımız böyük xoş xəbərlərlə, gördüyümüz möhtəşəm mənzərə ilə qayıdırıq. Səngərdə əsgər, onların arxasındakı kəndlilər və daim cəbhədən gələn xəbərləri izləyən, ürəyi qələbə sevinci ilə çırpınan məmləkətimizin insanları...


Müəllif:

Oxşar xəbərlər