Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda görüş keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə institutun direktoru Svante Kornel, İsveç Parlamentinin keçmiş üzvü, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmo Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak edib.
Xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi tarixi yoldan və bugünkü iqtisadi inkişafından danışan komitə sədri Mübariz Qurbanlı, həmçinin, ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib.
Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş verən toqquşmalara diqqəti yönəldən Mübariz Qurbanlı əslində bu hadisələrin Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirib. Münaqişənin tarixinə nəzər salan Komitə sədri qeyd edib ki, Sovet İttifaqının dağılmağa başladığı dövrlərdə, yəni 1988-ci ildən başlayaraq Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində əzəldən bu ölkədə yaşayan 250 mindən artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. Sonra isə Ermənistan hərbi birləşmələri müstəqil Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt edib.
Tədbirin sonunda isə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, olkəmizdə dini tolerantlıqdan bəhs edən kitablar İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutuna hədiyyə olunub.
Nemət