Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un məlumatına görə, iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin, müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini xatırladıb. Qeyd olunub ki, ilk dəfə 1994-cü ildə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq protokolu imzalanıb: “Protokola əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulub və protokolun bütün müddəaları layiqincə yerinə yetirilib.
Hazırda səhiyyəmizin elə bir sahəsi yoxdur ki, orada türkiyəli məsləkdaşlarımızla əməkdaşlıq olmasın. Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib”.
Nazir deyib ki, imzalanacaq sazişin gələcəkdə də daha fal əməkdaşlıqları davam etdirməyə vəsilə olacaq: “Hazırda azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə yanaşı ölkəmizdə “Sağlamlıq həftəsi” çərçivəsində birgə əməliyyatlar icra edirlər. Bu da bir daha dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir”.
Türkiyəli nazir Məhmət Müəzzinoğlu görüşün BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsinə təsadüf etdiyini qeyd edərək, tədbirin terror hadisələri sayəsində itkilər vermiş Türkiyə istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi və şəhidlər verdiyi bir ərəfədə Azərbaycan üçün çox önəmli olduğunu deyib.
Nazir ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə və uzman həkimlərinin iş prinsipindən, Türkiyədə yaradılmış “Türk Sağlıq bilimləri” Universetitetinin bu günkü fəaliyyəti barədə məlumat verib.
Görüşün sonunda iki ölkə arasında Səhiyyə və Tibb Elmi Sahəsindəki əməkdaşlığa dair Saziş imzalanıb.
Naibə QURBANOVA