Vergilər Nazirliyinin Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı fəaliyyəti ilə məşğul olma və xeyli sayda işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə cəlb edən şəxslər aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, reyd zamanı Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fiziki şəxs Əliyev Elşad Qənbər oğlunun qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı istehsal sexində bir neçə rulon istifadə olunmamış saxta aksiz markaları, 120 ədəd Rusiya Federasiyasının aksiz markaları, 1226 ədəd saxta etiket, 625 ədəd qapaq, 3182 ədəd boş butulkalar, 1130.5 manat dəyərində 230 ədəd saxta aksiz markaları ilə markalanmış və 163 manat dəyərində 33 ədəd aksiz markasız alkoqollu içkilər, ümumilikdə 783 manat dəyərində 195 litr spirt, 38 litr rəngli alkoqollu içki və 28 litr araq aşkar edilib.
Fiziki şəxs Qəhrəmanov Seyfəddin Mübariz oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi, 215 ünvanda yerləşən ərzaq mağazasında alış qiymətləri ilə ümumilikdə, 4586.46 manat dəyərində 593 ədəd aksiz markaları ilə markalanmalı olan mallar, o cümlədən 1407 manat dəyərində 71 ədəd saxta aksiz markaları ilə markalanmış, 635 manat dəyərində 38 ədəd aksiz markasız alkoqollu içkilər, habelə 450 manat dəyərində 185 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.
Əmək münasibətləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edən Quliyev Əlisəfa Süleyman oğlunun və Absalamova Validə Cümşüd qızının sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları tikiş (dərzi) sexlərində vergi nəzarəti tədbirləri keçirilib. Bu zaman fiziki şəxs Əlisəfa Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Sabunçu ŞTQ, E.Saratov küçəsi, ev 34 ünvanda yerləşən tikiş sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 26 nəfər, fiziki şəxs Validə Absalamovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sabunçu rayonu, Balaxanı ŞTQ, Yeni Balaxanl yaşayış massivi ünvanda yerləşən dərzi sexində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 16 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktın) olmadığı müəyyən edilib.
Müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin əksəriyyətinin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktı) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi və işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Naibə QURBANOVA