29 Noyabr 2014 11:05
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oqtay Əsədov: “Avropa Parlamentinin iclasında yalan danışmaq heç bir siyasi xadimə hörmət gətirmir”

Dünən Milli Məclisin növbəti toplantısı keçirildi. İclas zamanı 15 məsələni müzakirə edən millət vəkilləri diqqəti daha çox “2015-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə yönəltdilər.

Sessiya başlayan kimi parlamentin spikeri Oqtay Əsədov Avropa İttifaqını sərt tənqid etdi. Spiker Avropa Parlamentinin prezidenti Şultsun son bəyanatına münasibət bildirərək bunun qəbuledilməz olduğunu vurğuladı: “İlk növbədə öz daxillərinə baxsınlar. Orada olan diskriminasiyaya, miqrantlara münasibətə, başqa ölkələrdə polislərin apardığı qəddarlığa baxsınlar. Bu məsələlərə heç bir münasibət bildirmirlər. Bunların başqa işləri-gücləri yoxdur? Avropa bütün diqqətini bir neçə müsəlman ölkəsinə yönəldib, onlara qarşı şərləmə ilə məşğuldur. Artıq açıq şəkildə yalan danışmağa da başlayıblar. Cənab Şults deyir ki, ölkəmizə müraciət edib ki, Leyla Yunusla əlaqədar Azərbaycana parlament qrupu gəlsin. Bu məlumat tamamilə yalandır. Nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət olmayıb. Hətta bizdə olan məlumata görə, heç bir qrup da təşkil edə bilməyiblər. Avropa Parlamentinin iclasında yalan danışmaq heç bir siyasi xadimə hörmət gətirmir. Biz necə münasibət görürük, o cür də münasibət sərgiləməliyik. Biz çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələrimizi yüksək səviyyədə quraq. Bizim deputatlar AP-nin tədbirlərinə tam şəkildə gedirlər, Azərbaycanda toplantı keçiririk, 35 üzvdən 2-3 nəfəri gəlir. Belə barmaqarası münasibətə biz də barmaqarası münasibət göstərməliyik”.

Parlamentə əlavə olaraq 450 min, QHT Şurasına 600 min, elmə 8 milyon ayrıldı

Milli Məclis sədrinin bəyanatından sonra gündəliyə salınan məsələlərin müzakirəsinə başlanıldı. Büdcə zərfinə hökumətin etdiyi dəyişikliklərlə bağlı deputatlara maliyyə naziri Samir Şərifov məlumat verdi.

Nazir bildirdi ki, on gün əvvəl büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən irəli sürülən təklif və tövsiyələr hökumət tərəfindən öyrənilib, təhlil edilib, bəzi sahələr üzrə xərclər artırılıb. Onun sözlərinə görə, qaldırılan bir çox məsələlərin həlli maliyyə tutumu və zaman tələbinə görə çox dövrü əhatə edə bilər: “Büdcədə nəzərdə tutulan bəzi xərclər üzrə maliyyə təminatının yaradılması üzrə məqamlar nəzərdə tutulub”.

Samir Şərifov qeyd etdi ki, bir çox millət vəkilləri elm xərclərinin artırılmasını irəli sürüblər: “Təklifləri nəzərə alaraq elmə 8 milyon manat artırılmasını məqbul hesab edirik. Artımdan sonra elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək”.

Maliyyə naziri bildirdi ki, deputatların digər təklifi siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyənin artırılması ilə bağlı olub: “Bunu nəzərdən keçirdik. Siyasi partiyalar haqqında qanunun 17-ci maddəsinə uyğun olaraq hazırda partiyalara ayrılan 250 min manat obyektiv səbəbdən bölüşdürülməmiş qalıb. Bundan istifadə etmək mümkündür. Qanunun 17.1 maddəsinə düzəliş edilməlidir. Bu düzəliş vəsaitin partiyalar arasında bölüşdürülməsinə şərait yaradacaq. Müvafiq düzəlişlə bağlı qanun layihəsinin yaxın günlərdə parlamentə təqdim ediləcəyi gözlənilir”.

Nazir qeyd etdi ki, deputatlar QHT-lərə Dövlət Dəstəyi Şurasına da maliyyənin artırılmasını təklif ediblər. Onun sözlərinə görə, bu məsələ də hökumət tərəfindən öyrənilib: “Bu sahəyə əlavə 600 min manat ayrılması təklifini hökumət qeyd edir. Bu hökumətin QHT sektoruna qayğısı kimi qəbul edilə bilər”.

Bələdiyyələrə dotasiya artırılmayacaq


Maliyyə naziri əlavə etdi ki, bələdiyyələrə büdcədən dotasiyanın artırılması ilə bağlı da təkliflər irəli sürülüb: “Bu təkliflər də hökumət tərəfindən təhlil edilib. Bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Bu orta hesabla 50-60 faiz çərçivəsindədir. Hökumət hesab edir ki, bələdiyyələrə büdcədən birbaşa maliyyə artırılmasın, onlara imkan yaradılsın ki, gəlirləri artsın. Bu məqsədlə Vergilər Məcəlləsinə müvafiq dəyişiklik edilib. Hesab edirik ki, bələdiyyələrin maliyyə təminatı güclənəcək. Növbəti illərdə bələdiyyələrə dotasiyaların artırılması deyil, maliyyə təminatının, gəlirlərinin güclənməsini təmin etmək məqbuldur”.

Nazir bildirdi ki, Milli Məclisin 2015-ci il üçün xərclərinin artırılması da təklif edilib: “Hökumət bu məsələyə baxıb və nəzərdə tutulub ki, 450 min manat artırılsın. Beləliklə də Milli Məclisin büdcəsi 23 milyon 807 min manat olacaq”.

Maliyyə naziri əlavə etdi ki, dünya bazarında yaşanan təlatüm yeni çağırışları gündəmə gətirir: “Azərbaycanın yerləşdiyi regionda gərginliyin artması da təsirsiz deyil. Amma Prezidentin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin qorunub saxlanması, 2015-ci ildə büdcə ilə nəzərdə tutulan bütün dövlət və sosial vəzifələrin, proyektlərin yerinə yetirilməsinə nail olunacaq. Mən deputatları qanun layihəsinə səs verməyə çağırıram”.

Nazirin məlumatından sonra spiker Oqtay Əsədov büdcə layihəsini səsə qoymağı təklif etdi.

Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, şəhidlər və əlillər Milli Məclisə gəlib onlara ödəniləcək konpensasiyanın həll edilməsi məsələsini qaldırırlar: “Hökumət nümayəndələrinin burada olduğunu nəzərə alaraq xahiş edirəm ki, bu məsələni həll edək”. Spiker Oqtay Əsədov isə buna cavab olaraq bildirdi ki, bu məsələ Konstitusiya Məhkəməsi səviyyəsində həll edilir.

Şəhid ailələrinə 11 min manat sığorta ödənilsin

Millət vəkili Siyavuş Novruzov da şəhid ailələrinin, əlillərinin parlamentin qarşısına toplaşdığına diqqət çəkib: “Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Bu, onların haqqıdır. Məncə, bu məsələyə baxılmalı, nəzərə alınmalıdır. Onlar bu gün də bəyan etdilər ki, Prezidentin ətrafında birləşiblər, sabah müharibə olsa, yenidən silaha sarılacaqlar. Oqtay müəllim, mən sizdən də xahiş edirəm ki, qanunvericilik səviyyəsində nə lazımdırsa edilsin ki, bu insanlar zəhmət çəkib bir daha bura gəlməsinlər. Mən Səlim Müslümovun da burada iştirakını nəzərə alaraq xahiş edirəm ki, onların mənzillə təminatı işini bir qədər sürətləndirsin. Bu, həm də bir nümunə olar”.

Sonda “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi səsə qoyuldu. 90 lehinə, 3 səs əleyhinə olaraq növbəti ilin büdcəsi qəbul olundu.

DSMF-nin büdcəsinə 100 min manat artım edilib

Deputatlar “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Qanununun layihəsini də qəbul etdilər. Fondun sədri Elman Mehdiyev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinə 100 min manat artım edilib. Onun sözlərinə görə, sanatoriya, kurort yollayışlarında artım olub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb: “Əvvəl 122,8 min manat nəzərdə tutulmuşdu. Bu vəsait DSMF-nin saxlama xərclərinin azaldılması hesabına mümkün olub. Nəzərdə tutulan artımın, 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı AHİK-in idman cəmiyyətlərinin inkişafına yönəldilməsi, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub”.

Deputatlar “Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Qanunu qəbul ediblər.

Hesablama Palatasına auditor təyin edildi

Milli Məclis Mehriban Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələyə də baxdı. Bu haqda spiker Oqtay Əsədov qısa məlumat verdi. Daha sonra məsələ səsə qoyuldu. Millət vəkilləri müzakirəsiz Əlişanovanın Hesablama Palatasının auditoru təyin olunmasına səs verdilər.

Martin Şultsa etiraz edildi

Müzakirələr zamanı Avropa Parlamentinin sədri Martin Şultsun ölkəmizlə bağlı qərarına deputatlar da etiraz etdilər. Millət vəkili Zahid Oruc bildirdi ki, Sumqayıtda bir məscidin divarına “burada Allah yoxdur” məzmunlu yazılar yazılıb: “Binəqədidə iki polis bıçaqlanır. Qaraçuxurda məscid yandırılır. Bu mənə Soçi olimpiadasından öncə baş verən müxtəlif hərəkətlənmələri xatırladır. Bu gün beynəlxalq aləmdə olan qarşıdurmaları Azərbaycana keçirmək istəyirlər”.

Deputat Fazil Mustafa isə qeyd etdi ki, Avropa Birliyinin obyektiv əsasları kifayət qədət məhduddur: “Ölkədə hansısa xarici kəşfiyyatın əli ilə elə hadisələr olur ki, bu ənənəvi olaraq heç vaxt ölkədə olmayıb. Azərbaycan mentalitetində məscid yandırmaq ənənəsinə rast gəlinməyib. Qaraçuxur məscidinin yandırılması buna misaldır”.

Emin Milli yox, qeyri-milli

Millət vəkili Siyavuş Novruzov öz növbəsində qeyd etdi ki, Avropanın müxtəlif qurumları diqqətini Azərbayacana yönləndirib: “Onlar dəfələrlə demokratiyaya zidd şəkildə Azərbaycana qarşı qərarlar qəbul edirlər. Bir müddət əvvəl Barak Obama QHT-lər haqqında çıxış etdi. Heç onları tanımır belə. Daha sonra Emin Milli Çexiyada tədbir keçirdi. O, daha çox özünə qeyri-milli deməlidir. Sonra Gürcüstanda tədbir keçirildi. Biz hər dəfə onlara qarşı addım atdıqca bir az da üstümüzə gəlirlər”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər