17 Aprel 2015 11:45
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyqırımı” qərarı qəzəb doğurdu

Ötən gün Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib. Bu sənədin qəbulu Azərbaycan və Türkiyədə ciddi etirazlara səbəb olub.

“Ermənistanın təcavüzkar siyasətinə məqsədli şəkildə dəstək verilir”

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova məsələ ilə bağlı açıqlamasında bildirib ki, belə qətnamənin qəbulu Ermənistanın yürütdüyü təcavüzkar siyasəti stimullaşdırır. Vitse-spikerin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətindən, bunun bölgəyə faciə gətirməsindən xəbərdar olsa da, məsələyə etiraz etmir: “Onlar Ermənistanın bu fəaliyyətinə münasibət bildirmirlər. Amma 100 il bundan əvvəl baş vermiş və tarixçilərin tədqiqat obyekti olmalı olan bir ”hadisə" haqqında düzgün olmayan siyasi qərar verirlər".

ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri söyləyib ki, Avropa Parlamentinin məlum qətnaməsi çox ağılsız bir qərardır: “Bu ağılsız qərar və hərəkətdir. Heç inanmaq istəməzdim ki, onlar bəşəri nöqteyi-nəzərdən bu qərarı qəbul ediblər. Bir daha əmin oldum ki, Ermənistanın təcavüzkar siyasətinə məqsədli şəkildə dəstək verilir. Bu isə acı təəssüf hissi doğurur”, -deyə Bahar Muradova söyləyib.

“Avropa Birliyi Türkiyəni üzv qəbul etmək istəmir”

“Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, qondarma “soyqırımı” ilə bağlı sənədin müzakirəsi zamanı avropalı deputatların çıxışları eyni mətnə söykənirdi: “Bu da onu göstərir ki, ”qətnamə" planlaşdırılmış, xüsusi olaraq Azərbaycan və Türkiyəyə qarşı aparılan işlərin nəticəsidir. Türkiyənin neçə ildir Avropa Birliyinə üzvlüyü məsələsi gündəmdədir. Bunun üçün lazım olan tələbləri də həyata keçirib. Ancaq buna baxmayaraq, Avropa Birliyi Türkiyəni üzv qəbul etmək istəmir. Halbuki, Türkiyədən qat-qat zəif, tələb olunan islahatları həyata keçirməyən dövlətlərin əksəriyyətini Avropa Birliyinə qəbul etdilər. Təbii ki, Türkiyə bu məsələ üzərində düşünməlidir. İnanıram ki, Türkiyə düzgün nəticə çıxaracaq".

Millət vəkili bildirib ki, burada məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır: “Təəssüf ki, Avropa Parlamenti son illər ara qızışdırmaqla, sülhün bərqərar olmasına maneə törətməklə, heç bir əsası olmayan məsələləri gündəmə gətirməklə, onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur. Bir il bundan əvvəl istər ”Avronest" Parlament Assambleyasında, istərsə də Avropanın digər qurumlarında ermənilərin belə bir fikri var idi ki, qondarma “soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlər keçirsinlər. Biz isə Avropa deputatlarına öz fikirlərimizi bildirdik. Dedik ki, Xocalı faciəsini, 1 milyon qaçqın və məcburi köçkünün olmasını, Ermənistanın ikiüzlü siyasətini bir kənara qoyaraq siz tarixi bəlli olmayan bir məsələni qabardırsınız".

“Qətnamə simvolik xarakter daşıyır”

Deputat vurğulayıb ki, sözügedən “sənəd”in qəbulunda əsas məqsəd tarixi məsələni gündəmə gətirmək deyil. Onun fikrincə, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi əldə etmək əsas məsələdir.

F.Muradovun sözlərinə görə, qəbul edilən qətnamə simvolik xarakter daşıyır və bunun icrası ilə bağlı Azərbaycanla Türkiyə heç bir iş görməyəcək: “Həmin qətnamədə vurğulanır ki, Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Görünür ki, bu, erməni lobbisinin işidir. Avropa Parlamenti ümumi olaraq hansısa fakta əsaslanmamış tarixi ”hadisə"yə qiymət vermək istəyir. Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində Türkiyə haqlı olaraq Azərbaycana və beynəlxalq hüquqa dəstək verməklə Ermənistanla sərhədlərini bağlayıb".

F.Muradov qeyd edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal olunması ilə barışmayacaq. Deputat onu da əlavə edib ki, Azərbaycan xalqının Avropa Parlamentinə, Avropa institutlarına inamı get-gedə azalır.

“Bu tipli siyasi gedişlər müvəqqəti olur”

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib ki, İrəvan qondarma “soyqırımı”nın tanınmasına, onun qınanmasına dünyanın müxtəlif yerlərində nail olmaqla maksimum divident əldə etməyə çalışır: “Lakin hesab edirəm ki, bu, daha çox 2015-ci ilin siyasi prosesləri olaraq qalacaq. Avropa Parlamentinin tutduğu mövqe hüquqi baxımdan o qədər də təsirli olmayacaq”.

R.Musabəyovun sözlərinə görə, Roma Papasının bəyanatı da hüquqi qiymətə malik deyil: “Mənəvi tərəfinə gəlincə, ümumi mənada bunu xristian birliyinin müsəlman dünyasına qarşı növbəti ”səlib yürüşü" adlandırmaq olar. Eyni zamanda, burda xırda şəxsi maraqlar da önəm daşıyır. Bu gün Ermənistan parlamenti də öz təbirincə Türkiyəyə təzyiq etməyə cəhdlər edir. Onlar nə qədər gülünc olsa da, dünyada bütün soyqırımıların tanınması təklifini irəli sürürlər. Misal üçün, Osmanlı imperiyasında “Ponti yunanlarının və asurilərin soyqırımı” kimi absurd iddialar irəli sürür, Kamboca, Ruanda, Darfure kimi yerlərdə soyqırımların olduğunu gündəmə gətirir və bütün bunların qəbul olunmasını istəyirlər. Halbuki bu hadisələr haqda beynəlxalq tribunalın qərarları var".

R.Musabəyov hesab edir ki, ermənilərin “soyqırımı” canfəşanlığının arxasında başqa amillər də dayanır: “Bu beynəlxalq aləmdə xüsusi dividentlər gətirmir. Sadəcə olaraq, İrəvan rejimi aclıq çəkən bir ölkədə yoxsul insanları ”qəhrəmanlığa" qonaq edir. Yəni, Ermənistan hakimiyyətini 100 il öncə baş verənlər az maraqlandırır. Digər tərəfdən, dünya nə qədər absurd qərarlar çıxarsa da, bunun perspektivi yoxdur. İndiyə qədər olan təcrübə də göstərir ki, bu tipli siyasi gedişlər müvəqqəti olur".

“Xocalı hadisələrinə ”qətliam" deyib aradan çıxmayın, birbaşa Parlamentdə soyqırımı kimi tanıyın"

Millət vəkili Fazil Mustafa bildirib ki, Avropa Parlamentinin qondarma soyqırımla bağlı qərarı gözlənilən idi: “Ancaq bu qərarı qəbul edən avropalılar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər. Ancaq Türkiyənin də sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm. Sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlar? Mahçupyan nə fikirləşir? Qondarma erməni ”soyqırımı"n Türkiyə Parlamentində tanınması üçün orada neçə erməni və PKK-kürd vəkili sayı tamamlanmalıdır? Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub-durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə “qətliam” deyib aradan çıxmayın, birbaşa Parlamentdə soyqırımı kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə və ilaxır. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək".

“Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi”

Politoloq Razi Nurullayev bildirib ki, Avropa Parlamentinin erməni “soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi ağlasığmazdır. Onun sözlərinə görə, məsələ tək tanımaqla da bitmir: “Qurum üzv ölkələrə ”soyqırımı" tanımağı da tövsiyə edir. Üstəlik, rəsmi Ankaranın da faktı təsdiq etməsini və guya 1.5 milyon günahsız erməni öldürməsini boynuna almasını istəyir. Qətnamədə ciddi qərəzin olduğu şübhəsizdir. Birinci qərəz ondan ibarətdir ki, Avropa Parlamenti arxivlərin açılmasını tələb edir. Məsələ burasındadır ki, Türkiyənin prezidenti Ərdoğan neçə illərdir dünya alimlərini arxivlərdə işləməyə dəvət edir və qapılarının hər kəsin üzünə açıq olduğunu bəyan edir.

İkinci qərəz ondan ibarətdir ki, birbaşa 1.5 milyon erməninin öldürülməsi haqqında hökm verir. Çünki, 100 il bundan öncə baş vermiş hadisədə qurbanları saymaq çox çətindir. Digər tərəfdən, səsləndirilən statistika da fərqlidir.

Aprelin 12-də Papa Fransisk də erməni “soyqırımı” ifadəsini işlətmiş və onu 20-ci əsrin birinci soyqırımı adlandırmışdı. Türkiyə ictimaiyyətinin və Türkiyə rəsmilərinin, o cümlədən prezident Ərdoğanın münasibəti çox kəskin olmuşdu. Zənnimcə, Türkiyənin Papaya sərt münasibəti Avropa parlamentarilərini sərt bəyanat qəbul etməyə sövq edib. Papa I Fransiskin və prezident Ərdoğanın da qətnamədə adının keçməsi dediyimizi sübut edir.

Artıq birmənalı demək olar ki, Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi. Bəlkə də Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsi birdəfəlik qapandı. Çünki, artıq Türkiyə erməni “soyqırımı”nı tanımadan bu mümkün ola bilməz. Ola bilsin ki, Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv etsin.

Türkiyə Ərdoğan dönəmində üzünü Şərqə çevirməyə başlamışdı. Artıq bu dönüş ən azı 180 dərəcənin üstündə olacaq. Əlavə olaraq, Türkiyə-Rusiya münasibətləri də yeni mərhələyə qədəm qoya bilər və iki ölkə gələcəkdə ola bilsin strateji müttəfiq olsun. Yəqin ki, bu fonda ABŞ-Türkiyə görüşləri intensivləşəcək və ABŞ Avropa Parlamentinin bu səhvinin apardığı qlobal siyasətə təsirini azaltmağa çalışacaq".

Politoloq deyib ki, bu qətnamənin Avropa-Azərbaycan münasibətlərinə də soyuqluq gətirməsi gözləniləndir. R.Nurullayevin fikrincə, Azərbaycan da haqlı olaraq, Avropa Parlamentindən Xocalı soyqırımını tanımağı tələb edəcək.

Qeyd edək ki, ötən gün Türkiyə baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan vəzifəsindən azad edilib. Bildirilir ki, Mahçupyan yaş həddinə görə sistemdən kənarlaşdırılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər