Prezident İlham Əliyev Çanaqqalada şəhidləri andı
Ərdoğan: "Çanaqqala qələbəmizin simvoludur"
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı "Şəhidlər" abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb. Abidənin önünə əklillər qoyulub. Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin dövlət himni səsləndirilib. Şəhidlərin ruhuna "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib.
Mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak ediblər.
"Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik"
"100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlərimiz gözlərini qırpmadan ölümün üzərinə getdilər. Dünyanın dörd yanından gələn əsgərlər də öz xəyalları və hədəfləri üçün əzm və cəsarətlə savaşdılar. Hamısını hörmətlə yad edirik".
Bunu dünən Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, Çanaqqala savaşı bu savaşda iştirak etməyən xalqların da taleyinə təsir etdi: "Bu savaşın dolayı təsir etdiyi xalqların təmsilçiləri də bu mərasimdə yer alır. Birinci Dünya Savaşının sarsıdıcı izləri hələ də qalmaqdadır. Bütün dünyaya barış mesajı vermək üçün Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu savaşın özündə də humanist mesajlar olub".
Türkiyə prezidenti bildirib ki, 100 il əvvəl Geliboluda yaşanan savaş xalqların ortaq hafizəsində yer alıb:
"Çanaqqala qələbəmizin simvolu olduğu qədər də böyük itkilərimizin olduğu bir məkandır. Ona görə də Çanaqqala ilə bağlı türkülər bu gün də yaşamaqdadır. Bu savaşda torpağa yüz minlərlə gəncin arzuları gömüldü. Bu savaşdakı gənclər əsgər olmaqla bərabər, həm də insan idilər, qarşılarındakıları həm də insan kimi gördülər. Əlində anasının şəkli olan yaralı fransız əsgərinə yardım edən əsgərimiz deyib ki, mənim anam yoxdur, onu gözləyən bir anası var. Çanaqqala savaşında çox belə səhnələr yaşanıb.
Gözlərimiz yaşarmadan bu hadisələri dinləmək mümkün deyil. Bizim vəzifəmiz yeni savaşların yaşanmaması, gənclərin arzuları yerinə yetmədən məzara gömülmədən üzərimizə düşən vəzifəni yerinə yetirməkdir. Mən burada hər birimiz adından sülhün bütün dünyaya hakim olması üçün çalışmaq yönündə qərarlı olduğumuzu bir daha bəyan edirəm".
R.T.Ərdoğan Çanaqqala savaşında iştirak etmiş Mustafa Kamal Atatürkün sözlərini xatırladıb: "Atatürk deyib ki, bura bizimlə döyüşməyə gələnlər canlarını verdikdən sonra bizim övladlarımızdırlar. Yeni nəsillərə düşən vəzifə dostluq, sülh mesajına sahib çıxmaqdır. Yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik. Terrorizmin, irqçiliyin, islamafobiyanın çarəsi buradadır. Biz bu yüz ili barış yüzilinə döndərmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada savaşmış hər bir millətdən bütün qəhrəmanların önündə sayğı ilə baş əyirəm".
Zakir Həsənov də mərasimində iştirak edib
Qeyd edək ki, Çanaqqala zəfərinin 100-cü ildönümü mərasimlərində AzərbaycanIn müdafiə naziri Zakir Həsənov da iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın dəvətilə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Novruz Məmmədov: "Bu zəfər türkün yüksəlişidir"
"Çanaqqala zəfəri türk xalqının yüksəlişidir". Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.
PA rəsmisi bildirib ki, Çanaqqala döyüşündəki zəfəri türk xalqının yeni bir mərhələdə yüksəlişini təmin etdi.
"Türkiyə böyük uğurunu qeyd edir"
Politoloq Qabil Hüseynli bildirib ki, Türkiyə Çanaqqala zəfərinin 100 illiyini haqlı olaraq təntənə ilə qeyd etməklə özünün istiqlal savaşında qazandığı böyük uğuru qeyd edir: "Çünki həmin dövrdə ən azı 8 imperialist dövlət Osmanlı İmperiyasına qarşı idi. Əlbəttə, böyük Mustafa Kamalın misilsiz komandanlıq səviyyəsini qeyd etmədən keçinmək olmaz. Məhz onun döyüşlərin önündə olması çox şeyə təsir etdi. Türkiyə öz varlığını qorumaq uğrunda Çanaqqala savaşında 200 mindən çox qurban verdi. Dünyanın elə bir xalqını göstərmək çətindir ki, öz dövlətinin istiqlaliyyətini qorumaq üçün həm bu qədər uzun müddətli istiqlal savaşı aparsın, həm də bunca itkilərə məruz qalsın. Ona görə də bu möhtəşəm tarixin 100 illiyi təntənə ilə qeyd edilməlidir. Türkiyə dövlətinin bunu qeyd etməyə tam mənəvi haqqı var. Türkiyə üçün o qədər də əhəmiyyətli deyil ki, bu təntənəyə hansısa xarici ölkələrin başçıları gəlib, ya da yox. Əsas məsələ bu bayramın təntənəli surətdə keçirilməsidir, türk xalqının milli qürur hissini ucaltmaqdır. Yəni Türkiyə burada hər hansı siyasi məqsəd, siyasi divident güdmür. Hər il qeyd etdiyi böyük tarixi hadisənin ildönümünü bu dəfə yüz illiyi olduğu üçün daha möhtəşəm keçirmək istəyib".
Q.Hüseynli vurğulayıb ki, ermənilər isə uydurduqları "erməni soyqırımı" iddialarını dünyaya sırımaq üçün o uydurmaların "yüz illiyi"ni fürsət bilirlər: "Ermənistan və dünya erməniləri sanki bunu ölüm-qalım məsələsi olaraq görürlər. Mən tarix barədə məlumatlı olan bir adam kimi tarixdə olmayan "erməni soyqırımı"nın "yüz illiyi"ndə iştirak edən siyasi liderlərə zavallı siyasətçilər deyərdim. Həmin tədbirdə iştirak etmək istəyən siyasətçilər, dövlət başçıları həmin dövr haqqında bir tarixi mənbə, kitab oxumayıblar, heç həmin dövr haqqında əməlli-başlı təsəvvürə malik deyillər. Yaradılmış siyasi konyukturaya uyğun olaraq xristian dünyasının siyasi divident götürə biləcəyini ehtimal edərək bu prosesə qatılırlar. Çanaqqala zəfərinin 100 illiyinin təntənəli qeyd olunması ənənəvi bir prosesin növbəti mərhələsidir və siyasi məqsəd güdmür. Amma ermənilər və onların havadarları "erməni soyqırımı"nın "yüz illiyi"nin keçirilməsindən sırf siyasi məqsədlər güdürlər. Məqsədlərdən biri Türkiyəyə qarşı çox böyük iddialarını reallaşdırmaqdırsa, digəri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını, minlərlə azərbaycanlıya qarşı ermənilərin zaman-zaman həyata keçirdiyi həqiqi soyqırımı, qətliamı pərdələmək, erməni xalqının guya məhrumiyyətlərə düçar qoyulmuş məzlum xalq olduğunu dünyaya sırımaqdır".
Bu mübarizədən Türkiyənin yenə də zəfərlə çıxacağını düşünən həmsöhbətimizin sözlərinə görə, ermənilər bu prosesdə cüzi qazanc əldə edə bilərlər: "Böyük miqyasda arzuladıqları isə həyata keçməyəcək. Ermənilərin ürəyindən Türkiyədən böyük təzminat almaq, hətta Türkiyə torpaqlarına siyasi iddianı əsaslandırmaq kimi niyyətlər keçir. Lakin bu niyyətlərinə nail olacaqları inandırıcı deyil".
Alicənabların döyüşü
Qeyd edək ki, Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı.
Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmləkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər, fransızlar isə 47 min nəfər əsgər itirdilər.
Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cümhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də "Çanaqqala zəfəri" qeyd edilir.
Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.
Türkiyədə Çanaqqala savaşını "alicənabların döyüşü" adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.
Səxavət HƏMİD