8 İyun 2015 13:09
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40,86 faizini toplayaraq, birinciliyini qoruyub. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,16 faiz səslə ikinci, Milliyətçi Hərəkat Partiyası (MHP) 16,50 faiz səslə üçüncü, Xalq Demokratik Partiyası (HDP) isə 12,99 faiz səslə dördüncü yerdə qərarlaşıb. Bununla AKP parlamentdə 254, CHP 132, MHP və HDP isə hər biri 82 millət vəkili ilə təmsil olunacaq. Bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri hakim partiyanın 50 faizlik baryeri keçə bilməməsi və daha çox kürdlərin yaşadığı ərazilərdə fəal olan Xalq Demokrat Partiyasının (HDP) 10 faizlik minimal həddi keçməsidir. Teleqraf.com seçkilərin nəticələrini qiymətləndirmək üçün Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafaya müraciət edib.

- Fazil bəy, Türkiyədə parlament seçkilərinin əvvəlki seçkilərdən nə ilə fərqləndi?
- Türkiyədəki parlament seçkiləri ilə bağlı öncədən keçirilən sorğuların nəticələri fərqli idi. Amma AKP-nin nüfuzunun aşağı düşəcəyi, HDP-nin isə barajı aşacağı gözlənilən idi. AKP-dən kürdlərə verilən dəstək bu dəfə özünü göstərdi. Bu da yeni konfiqurasiya yaradıb. AKP artıq təkpartiyalı hakimiyyət imkanlarından yararlana bilməyəcək. Ölkəni idarə etmək üçün AKP-yə kənar partiyanın dəstəyi lazım olacaq. Hakimiyyətdə olduğu müddətdə müxalifətlə o qədər kəskin münasibət qurub ki, AKP-nin koalision hökumət qura bilməsi inandırıcı görünmür. AKP CHP əməkdaşlığı mümkündür, hər ikisi sağ təmayüllü partiyadır. Cəmiyyətin təpkisi ilə proseslər dəyişə bilər. Əks təqdirdə erkən seçkilərin keçirilməsi mümkündür.


- AKP-nin 50 faizi keçə bilməməsi nə ilə bağlıdır?
- AKP əvvəlki seçkilərdə daha çox inzibati resurslardan yararlanırdı. Topladıqları səslərin 30-40 faizi monopoliyada saxladığı bələdiyyə və dövlət qurumlarından gəlirdi. AKP-nin bu dəfə az səs toplamasının bir neçə səbəbi var. Partiyadan olan nüfuzlu şəxslərin bir neçəsi bu dəfə seçkilərə qatılmadı. Ərdoğan Davudoğlunu baş nazir təyin etməklə göstərdi ki, hər şeyin arxasında onun özü durur. Türkiyədə cümhurbaşqanı baş nazirin yerinə qərar verirsə, bu, yaxşı qarşılanmır. Cəmiyyət Davudoğlunu Ərdoğanın diktəsi ilə hərəkət edən, müstəqil qərar qəbul etmə qabiliyyəti olmayan birisi kimi tanıyır. Türkiyədə yolsuzluq və korrupsiyaya qarşı aparılan mübarizə də effektini vermədi. Ərdoğan hakimiyyəti onu ifşa edənləri korrupsiyada ittiham edərək cəzalandırıb ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ərdoğan hakimiyyəti yolsuzluğa qarşı mübarizə aparmaq əvəzinə, bu məsələni qabardanlara kampaniya apardı. Bu cür davranışlar Türkiyədə, xüsusilə də, yoxsul təbəqədə yaxşı qarşılanmır.

- Xalq Demokrat Partiyasının (HDP) barajı keçməsini nə ilə izah etmək olar?
- Öncə onu bildirim ki, HDP PKK-nın siyasi qoludur, Öcalanın siyasi iradəsini həyata keçirir. HDP fərqli siyasi manevrlərdən istifadə elədi, lideri cəmiyyətə isti mesajlar verdi. Amma HDP-nin dirçəlməsində ən önəmli rolu AKP oynadı. AKP-nin yanlış siyasətinin nəticəsi idi ki, HDP bu səviyyəyə gəlib çatdı. Bu da daha çox kənardan idarə olunan məsələ idi.

- Bu seçkilərin nəticəsi Türkiyənin Azərbaycanla münasibətlərinə hər hansı təsiri olacaqmı?
- Düşünmürəm ki, hansısa təsirlər olsun. Türkiyə-Azərbaycan münasibətləri sabitdir.

Ruslan


Müəllif:

Oxşar xəbərlər