4 Dekabr 2015 12:50
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin iclası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, parlamentin iclasına vitse-spiker Ziyafət Əsgərov sədrlik edib. O, deputatlara təklif edib ki, cari müzakirələrə yer verilməsin, birbaşa qanunvericilik işinə keçilsin. Təklif edilib ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılsın.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov layihə haqqında məlumat verib. Deyib ki, qanunun məğzi dini ekstremizmlə bağlıdır: “Azərbaycanda dinin modeli bir çox ölkələrdən fərqlidir. Hesab edirəm ki, ən düzgün modeli bizim modelidir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə bu işləri irəli aparır. Azərbaycanda məscidlər, ayrı-ayrı ziyarətgahlar təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Şamaxı məscidi təmir edilib və vətəndaşlara təqdim edilib. Biz görürük ki, digətr ölkələrdə belə hal yoxdur. Hər kəs görür ki, din dövlətdən ayrı olsa da, dövlət hər zaman dinin yanında olub. Lakin bəzi hallarda din pərdəsi adı altında ayrı-ayrı ölkələr öz ideologiyasını ixrac etməyə çalışır. Görmüşük ki, vaxtilə demokratiya və insan hüququ adı altında hər bir dövlət öz ideologiyasını ixrac etməyə çalışıb. Son dövrlər ayrı-ayrı dini qruplar öz məkrli ideologiyasını, niyyətini ixrac etməyə çalışır. Dəyişikliklər də bu kimi halların qarşısını almağa xidmət edir. Bir çoxları əsaslandırmağa çalışır ki, bu dəyişikliklər Nardaran hadisələri ilə bağlıdır. Amma bu yanlış mövqedir. Bu zalda dəfələrlə bəyan edilib ki, gedib ayrı-ayrı ölkələrə vuruşurlar, təlimlər keçirlər və ölkəmizə qayıdanda bunu tətbiq etməyə çalışırlar.

Qanun 3 fəsildən və 15 maddədən ibarətdir. Burada söhbət radikal dini ekstremist qüvvələrin fəaliyyətinin qarşısının alınmasından gedir. Dəyişikliklərdə qanunsuz silahlı qruplaşmaların yaradılması, terror, xarici silahlı münaqişələrdə iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi, ərazi bütövlüyünə təhdidlər kimi məsələlər yer alıb. Eləcə də dini ekstremizmi maliyyələşdirmə məsələsi var. Bizdə bütün dinlər bərabərdir. Hansısa cəryanın digər cəryana qarşı mübarizəsi, insanları qızışdırması məqamlarına qarşı addımlar nəzərdə tutulur. Qanunun ikinci fəslində dini ekstremist qruplara qarşı əməliyyatların aparılması məsələsi yer alıb. Qanuna görə, biz hüquq-mühafizə orqanlarına icazə veririk ki, əməliyyatlar aparsın, axtarışlar həyata keçirsin. Biz burada əsasən qanunçuluğu nəzərdə tutmuşuq. Hər bir fəaliyyətdə qanun əsas olmalıdır, bütün tədbirlər qanun çərçivəsində olmalıdır. Qanunda hadisələr zamanı baş verən ərazidə xüsusi rejimin yaradılması nəzərdə tutulur. Burada mətbuatın mövqeyi də nəzərdə tutulur. Bəzən ayrı-ayrı media orqanları qızışdırıcı mövqe tutur, insanlara çağırışlar edir, qeyri-dəqiq məlumatlar yayır. Qanuna görə, həmin xüsusi rejim tətbiq edilən zaman dəqiqləşdirilməyən məlumatlar verilməməlidir. Ümumilikdə götürəndə çox vacib və zəruri qanundur”.

Komitə sədri deyib ki, digər qanunlara da dəyişiklik ediləcək: “Son hadisələr göstərir ki, vətəndaşlarımız ayıq-sayıq olmalı, atılan addım dövlətçiliyə xidmət etməlidir. Azərbaycan hüquqi dövlətdir. Heç kimə imkan vermək olmaz ki, xüsusi idarəçilik yaratsın. Görürsən ki, bir qrup insan ayrı-ayrı yerlərdə dövlət quruluşunun pozulması, başqa dövlət quruluşunun yaradılması üçün addımlar atır. Dünən biz geniş müşavirə keçirdik, burada Dini Komitə və Qafqaz Müsəlmanları İdarəsi, bütün axundlar iştirak etdi. Qeyd olundu ki, Nardaranda baş verənlər terror hadisələridir. Hüquq-mühafizə orqanları öz işini görüb, vəzifəsini yerinə yetirib. Fikrimcə, deputatlar da, ziyalılarımız da bu məsələ ilə bağlı mövqelərini ifadə etməlidir”.

Daha sonra qanunun müzakirəsinə start verilib.

Nemət


Müəllif: