15 Dekabr 2015 12:04
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu, Lavrov və Kerrinin bu il ərzində sayca 20-ci görüşüdür.

Görüş zamanı Suriyadakı vəziyyət, terrorçuluqla mübarizə və Ukrayna böhranının nizamlanması ilə bağlı Minsk razılaşmasının şərtlərinə əməl olunması məsələləri müzakirə olunacaq.

Lavrovun sözlərinə görə, Rusiya ABŞ-la Ukrayna böhranının həlli istiqamətində danışıqları davam etdirmək niyyətindədir: "Sözsüz, istərdik ki, bu məsələ prezidentlər səviyyəsində də müzakirə edilsin. Fikrimcə, ABŞ Ukrayna böhranının həllində yardımçı ola bilər".

ABŞ dövlət katibi isə prezident Barak Obamanın fikirlərini xatırladıb: "Əlbəttə, biz də Ukrayna böhranının tez bir zamanda həllinin tərəfdarıyıq. Cənab Obama Nyu-Yorkda çıxışı zamanı deyib ki, Ukrayna böhranının həlli və iqtisadi yüksəliş məsələlərindən vacib heç nə ola bilməz".

Görüş zamanı Kerri əsas diqqəti İŞİD terrorçuları ilə mübarizəyə çəkib: "ABŞ və Rusiya İŞİD terror təşkilatının bütün dünya üçün təhlükə olması məsələsini qəbul edir. Biz terrorçularla danışığa getməyəcəyik. İŞİD ilə mübarizəni davam etdirəcəyik".

Kerri qeyd edib ki, Suriya məsələsinin həllində Rusiya tərəfi ilə müzakirələri Nyu-Yorkda davam etdirmək niyyətindədirlər.

Lavrov Suriya böhranının daim diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb: "Prezidentlərimiz son aylar ərzində bir neçə dəfə terrorçuluqla mübarizə məsələsini müzakirə edib. Suriya böhranının həlli üçün Vyana danışıqlarının davam etdirilməsi vacibdir. Terrorçuluq təkcə Suriyada deyil, daha geniş ərazini əhatə edir. İŞİD hazırda Liviya, İraq, Yəmən və Əfqanıstanda döyüşçülər hazırlayır. Düşünürəm ki, bu gün biz bu məsələləri müzakirə edib, ortaq fikirə gələ biləcəyik. Qeyd edim ki, görüş zamanı Fələstin-İsrail münasibətləri ətrafında da fikir mübadiləsi aparacağıq".

Lavrov Nyu-York görüşünə dəvət edilməsi ilə bağlı Kerriyə təşəkkür edib.

Samir


Müəllif: