12 Aprel 2016 11:22
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyət böhranına son qoyulacaqmı?

Aprelin 10-da siyası böhranın həlli ilə bağlı uzun sürən və nəticəsiz axtarışlardan sonra Ukrayna baş naziri Arseniy Yatsenyuk istefa verib: “Mən Ukraynanın baş naziri vəzifəsindən istefa etmək barədə qərar qəbul etmişəm. Bu qərarımla bağlı sənədlər aprelin 12-də Ali Radaya təqdim olunacaq”.

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri Arseniy Yatsenyukun istefası ilə bağlı fikirlərini bölüşüb: “Yatsenyukun istefa ərizəsini Ukrayna prezidentinə gətirəndə mən onunla görüşdə idim. Bu bizim mübarizəmizin verdiyi ilk nəticədir”.

Teleqraf.com-un məlumatına görə, Yatsenyukun istefasından sonra Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya qısa müddətdə yeni hökuməti müəyyənləşdirmək tapşırığı verib. Yeni kabinetin yaradılması ilə bağlı müzakirələrdə baş nazirlik postuna 3 namizədin adı çəkilib - spiker Vladimir Qroysman, maliyyə naziri Nataliya Yaresko və Lvov meri Andrey Sadavoy.

Ekspertlərin sözlərinə görə, Nataliya Yaresko parlamentdə lazımi dəstək toplaya bilməyəcək. Sadavoy isə dərhal bu postdan imtina edib. Poroşenko isə Ali Radanın hazırki spikeri Vladimir Qroysmanın namizədliyini irəli sürüb. Qroysman dünən yeni hökumətə rəhbərlikdən imtina edib. “Petro Poroşenkonun Bloku”ndan Ali Radanın deputatı Mustafa Nayem bildirib ki, hazırkı parlament sədri danışıqlar prosesində onun şərtləri nəzərə alınmadığı üçün Nazirlər Kabinetinə rəhbərlikdən imtina edib.

Rada bu gün Arseniy Yatsenyukun taleyinə aydınlıq gətirməli, yeni koalisiya qurmalı və hökumət rəhbəri seçməlidir. Ali Radanın spikerinin sözçüsü Dmitri Stolyarçukun sözlərinə görə, artıq deputatlar yeni hökumətin tərkibi və strukturu ilə bağlı razılığa gəliblər: “Nazirlər kabinetinin formalaşdırılması üzrə danışıqlara yekun vuruldu. Demək olar ki, bütün mövqelər razılaşdırılıb”.

ABŞ Dövlət Departamenti Ukraynadakı hazırkı vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ Ukraynadakı vəziyyətdən narahatdır: “Biz Radanın zəruri islahatlar aparmağı bacaran yeni hökuməti tezliklə formalaşdıracağına inanırıq. Ümid edirik ki, yeni hökumət islahatlar aparacaq və Minsk öhdəliklərini yerinə yetirəcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər