16 İyun 2016 16:32
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrədə BMT-nın İnsan Hüquqları Şurasının 32-ci sessiyası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sessiyanın açılışında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və İsveçrənin xarici işlər naziri Didier Burkhalter yüksək səviyyəli qonaq qismində çıxış ediblər.

Çıxışı zamanı nazir müavini M.Məmmədquliyev insan hüquqlarının təşviqi və müdafiəsinin təmin edilməsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. O, ölkəmizin Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib, bu xüsusda BMT-nin insan hüquqları üzrə qurumları ilə mövcud sıx əməkdaşlığı qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların əsas insan hüquqlarının kütləvi şəkildə pozulduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb, münaqişənin həllinin BMT-nın Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilərək mümkün ola biləcəyini vurğulayıb.

O, Ermənistanın beynəlxalq insan hüquqları üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə insan hüquqları üzrə ali komissar tərəfindən müvafiq mövqenin bildirilməsinin vacibliyini qeyd edib, BMT-nin İnsan Hüquqları Şurasını azərbaycanlı məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində daha fəal rol oynamasına çağırıb.

Sessiya çərçivəsində M.Məmmədquliyev BMT-nın İnsan Hüquqları Şurasının prezidenti Çoy Kyonglim və insan hüquqları üzrə ali komissar Zeyd Ra’ad Əl-Hüseyn ilə işçi görüşlər keçirib.

Həmin gün nazir müavini BMT baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Bax ilə görüşüb. Görüşdə İqtisadi Komissiya ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir müavini ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, o cümlədən Cənubi Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında həmsöhbətinə məlumat verib. K.Bax Azərbaycanın İqtisadi Komissiyanın işində fəal iştirakını məmnunluq hissi ilə qeyd edib.

İyunun 14-də M.Məmmədquliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub. Nazir müavini Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinın tarixi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verib. M.Çunqonq ölkəmizlə əlaqələrin vacibliyini vurğulayıb, bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Səfər çərçivəsində xarici işlər nazirinin müavininin daha bir görüşü BMT-nın qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə keçirilib. Görüş zamanı Azərbaycan ilə Ali Komissarlıq arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iki tərəf arasında mövcud olan uğurlu əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda M.Məmmədquliyev həmsöhbətini Azərbaycana səfərə, dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı işlərlə yaxından tanış olmağa dəvət edib.

İyunun 15-də M.Məmmədquliyev BMT-nın baş katibinin müavini, BMT-nın Cenevrə Bölməsinin baş direktoru Maykl Möller ilə görüşüb. Söhbət zamanı nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi haqqında ətraflı məlumat verib. O, münaqişə ilə bağlı bir çox beynəlxalq qurumlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu müvafiq qətnamə və qərarların Ermənistan tərəfindən icra olunmasının vacibliyini vurğulayıb. Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında münasibətlərin perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfərin sonuncu günü nazir müavini M.Məmmədquliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Suing ilə görüş keçirib. Görüş zamanı Azərbaycan ilə təşkilat arasında münasibətlərin mövcud vəziyyəti, iki tərəfin mövcud uğurlu əməkdaşlığının daha da gücləndirilməsi və genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Nazir müavini ölkəmizin miqrasiyanın tənzimlənməsi sahəsində çoxsaylı işlər gördüyünü qeyd edib, Azərbaycan və təşkilat arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan baş direktor ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatının fəal üzvlərindən birinin olduğunu vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər