“Rusiya-Türkiyə münasibətlərinin yoluna qoyulması müsbət qiymətləndirilməlidir. Dostların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu baxımdan Türkiyənin Rusiya ilə əlaqələri düzəltmək üçün atdığı addım təqdirəlayiqdir. Bir şeyi fikirləşmək və anlamaq lazımdır. Türkiyə-Rusiya münasibətləri yaxşı olanda türk xalqı bundan divident götürür. Konkret olaraq türk kəndlisinin məhsulu, türk sahibkarının əmtəəsi satılır. Eləcə də Türkiyədə turizm sektoru inkişaf edir, bu sistemdə çalışanların gəliri artır və s. Digər amillərdə var və bunu da qeyd etmək mümkündür”.
Bunu Teleqraf.com-a açıqlamasında ASDP sədri Araz Əlizadə deyib. O, bildirib ki, münasibətlərin yaxşı olması Azərbaycan üçün də müsbət atmosfer yaradır.
ASDP sədri hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşması Qərbdə narahatlıqla qarşılana bilməz: “Qərb onsuz da Türkiyəyə bir xaç qoyub. Yəni Türkiyənin Qərb üçün əhəmiyyəti daha qalmayıb. Qərbin nə qədər imkanı vardısa, Türkiyədən məhsul kimi istifadə etdi. Qərb-Şərq regionunda yaşananlar, Ərəbistan coğrafiyasında müşahidə olunanları buna misal kimi deyə bilərəm. Hələ bir müddət əvvəl ölkə mediasına verdiyim müsahibədə bu məqamı qeyd etmişdim. Bildirmişdim ki, Türkiyə Qərbin Yaxın Şərq ovunda vasitə kimi istifadə edilir”.
Araz Əlizadə qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulması hər iki ölkənin maraqlarına uyğundur: “Üstəlik, Türkiyə əlavə olaraq 20 milyon dollar təzminat alacaq. Bu da müəyyən qədər prezident Ərdoğanın nüfuzunu möhkəmləndirəcək.
Bununla belə partiya sədri hesab edir ki, Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yoluna qoyulması Türkiyənin daxili ictimai-siyasi vəziyyətinə, xüsusilə PKK-nın fəaliyyətinə təsir etməyəcək: “Bu yaxınlaşma Türkiyə daxili proseslərə təsir etməz. Ancaq mümkündür ki, bu münasibətlərin normallaşdırılması prezident Ərdoğana Konstitusiya dəyişiklikləri məsələsində əlavə güc verəcək”.
Cavad