“Dünyada gedən proseslər, təbii ki, ölkələrin gündəmini də dəyişir, yeni reallıqlar ortaya çıxarır. Bu gün Azərbaycan müasirləşmə xətti götürübsə, özünü dünyaya müasir dövlət kimi təqdim edirsə, bu həm idarəçilikdə, həm qanunvericilikdə öz əksini tapmalıdır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva ifadə edib.
Demokratiyanın inkişafının mütəmadi bir proses olduğunu diqqətə çatdıran millət vəkili vurğulayıb ki, Azərbaycan da azad, demokratik cəmiyyət quruculuğu yolunda inamlı addımlar atır. Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri də bu kontekstdən dəyərləndirmək lazımdır.
S.Fətəliyeva bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hamısı ölkəmizin yeni inkişaf mərhələsində günün tələblərinə uyğun olan aktual məsəslələrdir. Bu dəyişikliklər ayrı-ayrı istiqamətlərdə ölkənin gələcək inkişafına zəmin yaratmağa hesablanıb.
S.Fətəliyeva deyib: “Əlavə və dəyişikliklər milli təhlükəsizliyin möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının genişləndirilməsi, ölkədə idarəçilik sisteminin çevikliyinin və səmərəliliyinin artırılması kimi məsələlərin geniş spektirini əhatə edir. Mən gənclərə olan münasibəti xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, əlavə və dəyişikliklərdə dövlət gənclər siyasəti öz əksini tapıb”.
Səxavət