“Türkiyənin Cerablus əməliyyatının iki strateji məqsədi var. Birincisi, PKK-nın Suriya qolu PYD-nin bu bölgədə təsirini aradan qaldıraraq gələcəkdəki müstəqil dövləti üçün strateji üstünlük əldə etməsinə imkan verməməkdir. Beləcə, həm PYD-nin önü kəsiləcək, həm də ABŞ-a mesaj veriləcək. Bu strateji məqsəd üçün Rusiya-İran-Suriya xəttinin açıq və ya dolayı razılığı alınıb. Ancaq amerikalılar əməliyyatın bu məqsədindən narazıdırlar, lakin bölgədəki mövcud güc tarazlığı nəzərə alındıqda PYD ilə bağlı mövqelərində Türkiyənin maraqlarını daha çox diqqətə alacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Suriyada apardığı hərbi əməliyyatları şərh edən politoloq Nazim Cəfərsoy deyib.
N.Cəfərsoy bildirib ki, ikincisi, bu əməliyyat İŞİD-i hədəfə almaqdadır: “Bu baxımdan Türkiyə həm Rusiya-İran-Suriya, həm də ABŞ-ın dəstəyini almaqdadır. Bu mənada rəsmi Ankara qeyd edilən bu aktorların İŞİD-lə daha aktiv mübarizə istəyini öz hərbi gücü ilə daha açıq dəstəkləmiş olur”.
Bununla belə, N.Cəfərsoy qeyd edib ki, digər tərəfdən Cerablus əməliyyatı Türkiyədə, xüsusilə, böyük şəhərlərdə PKK və İŞİD-in terror həyata keçirmə riskini çox artırmaqdadır: “Cerablus əməliyyatı hər iki təhlükənin birdəfəlik şəkildə aradan qaldırması ilə öz hədəfinə çata bilər. Bu əməliyyatdan sonra Cerablus ətrafında muhacirlərin köçəcəyi yeni bir şəhər qurulması gündəmə gələ bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə bildirib ki, Türkiyə hakimiyyəti Kremllə barışmağa qərar verdikdə, prezident Ərdoğan Putinə “üzr istəyirəm” məzmunlu məktub göndərəndə bəziləri Ankaranın bu addımını qınadı, hətta “rus turistinə görə bu qədər alçalmağa dəyərdimi” sualını səsləndirənlər də tapıldı: “Əlbəttə, Ərdoğanın Putinlə barışmasının iqtisadi, ticarət, enerji və turizm ayağı ağır basırdı, ancaq dünən anlaşıldı ki, barışın əsas səbəbi Suriya idi.
Nədən? Türkiyə əvvəlkitək Rusiya ilə küsülü vəziyyətdə olsaydı, bu gün ordusu rahatlıqla sərhədi keçib Suriyada söz və mövqe sahibi olmayacaqdı. Çünki Rusiya Türkiyə tərəfindən vurulan təyyarənin intiqamını almaq istəyirdi. İndi isə Rusiya Türkiyənin Suriyaya hərbi müdaxiləsinə sərt reaksiya bildirmir, əksinə İŞİD-lə mübarizə cəbhəsinin genişlənməsi Kremlin də maraqlarına cavab verir”.
Səxavət