20 Sentyabr 2016 18:51
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ABŞ-dan səfərdən qayıdan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu ölkədəki seçki marafonu ilə bağlı apardığı müşahidələrdən danışıb.

Qubad İbadoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, indiki şərtlər daxilində xəstəliyinə rəğmən Hillari Klintonun şansları rəqibi Donald Trampdan yüksəkdir: “ABŞ-dakı seçkilər yalnız Amerika xalqı üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. Ona görə də ABŞ-da olduğum müddətdə çalışırdım ki, həm müşahidələr aparım, həm də keçirdiyim görüşlərdə bu məsələ ilə bağlı müəyyən rəylər alım, müzakirələrə qoşulum.

Proseslər və müşahidələr göstərir ki, Birləşmiş Ştatlarda seçki marafonu kifayət qədər gərgin keçir. Bütün KİV və sosial şəbəkələrin müzakirə etdiyi mövzu seçkidir. Seçki prosesində baş verən heç bir məqam diqqətdən kənarda qalmır, o cümlədən namizədlərin səhhəti ilə bağlı açıqlamalar təhlil edilir, həkimlərin rəylərinə istinad olunur. Namizədlərin sağlamlıq durumu ilə əlaqəli rəylər cəmiyyətin marağına səbəb olur”.

Qubad İbadoğlunun fikrincə, müzakirələr göstərir ki, hər iki namizədin yaş faktoru, sağlamlıq vəziyyəti seçicilərin bir qismini məyus edir: “Amma onlar iki namizəddən birini seçmək məcburiyyətindədirlər. Yaş faktoru Hillari Klintonun səhhətinin pisləşdiyi zaman daha çox polemikaya səbəb oldu, amma əsas müzakirə mövzusu namizədin platforması və çıxışlarıdır. Trampın da şansı hələ qalmaqdadır. Amma onun şansı Klintondan aşağı görünür”.

Qubad İbadoğlunun sözlərinə görə, Tramp öz maliyyəsi ilə seçkiyə qoşulub, başqa mənbədən pul əldə etmir deyə şəxsi vəsaiti hesabına müstəqil fikir ifadə etməkdə azaddır: “Klinton üçün isə maliyyə ayıran qurum və təşkilatlar var, onların maraqları bəzi hallarda önə çıxır. Namizəd kimi Tramp Klintondan daha müstəqil görünür. Tramp miqrantlara qarşıdır, nəzərə almalıyıq ki, ABŞ miqrantlar ölkəsidir, orada seçicilərin 18 faizini ispanlar təşkil edir, eyni zamanda seçicilər arasında Afrika kökənli amerikalılar da kifayət qədər təsir imkanlarına malikdir. Bu baxımdan hesab edirəm ki, Trampın müsəlman və ispan mənşəlilərə münasibətdə yanaşması ən ciddi problemlərindən biridir.

Digər tərəfdən hesab eləmirəm ki, bu, Amerika cəmiyyətinin sifarişidir, çünki ABŞ cəmiyyəti miqrantlardan təşkil olunub. Avropadan fərqli olaraq Amerikada miqrantlara qarşı tolerantlıq daha yüksəkdir”.

“Klinton, yoxsa Trampın prezident seçkilməsi Azərbaycan-ABŞ münasibətləri üçün daha faydalıdır” sualını ADR sədri belə cavablandırıb: “Sistemli fəaliyyət nöqteyi-nəzərindən Klintonun prezident seçilməsi daha məqsədə müvafiqdir. Çünki Klinton Azərbaycanı tanıyır, ABŞ-ın xarici siyasət kursuna rəhbərlik etdiyindən regionu da çox gözəl bilir. Düşünürəm ki, Klintonun prezident seçilməsi Azərbaycan və regionun maraqları üçün daha münasibdir”.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər