21 Sentyabr 2016 14:27
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan hüquqlarıi barədə çox danışanlar yalnız öz maraqlarının təminatı hüququnu nəzərdə tuturlar" (Vilhelm Şvebel)

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) təşkil etdiyi illik toplantı dünən öz işinə başlayıb.

Tədbirə ATƏT-ə üzv olan 57 ölkənin təmsilçiləri, səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar qatılıblar.

Toplantıda Azərbaycandan bir qrup hüquq müdafiəçisi və jurnalistin, o cümlədən Rauf Mirqədirov, Qənimət Zahid, Zöhrab İsmayıl, Emin Hüseynov, Arzu Qeybulla və Anar Məmmədli iştirak edirlər.

Varşavada "Mappet Şou"

Qəribədir ki, ABŞ-ın və Böyük Britaniyanın Bakıdakı səfirliyinin əməkdaşları da onlarla birlikdə müzakirlərin aktiv iştirakçılarına çevriliblər. Səfirlik əməkdaşlarının "müxalifət fəalları və müstəqil jurnalistlər qrupu" adlandırdıqları şəxsləri müşayiət etmələri, bununla da kifayətlənməyərək Azərbaycana ünvanlanmış əsassız ittihamları və suçlamaları həvəslə dinləyərək kuluarlarda aktiv yönləndirmə işləri aparmaları həmin diplomatların təmsil etdikləri ölkələrin Azərbaycanın daxili işlərinə aşkar, özü də ən kobud şəkildə müdaxiləsidir.

ATƏT DTHİB isə bunu az qala rutin sayıb, halbuki ötən il Ukraynanın rəsmi nümayəndə heyəti Krım problematikasından bəhs edəndə rəsmi Kiyevə "diplomatlarla media və QHT mənsubları arasında sıx təmaslar arzuolunmazdır" ultimatumu səslənmişdi.

Belə çıxır ki, ATƏT-in "insan haqlarının təminatı" müstəvisindəki fəaliyyət prinsipi Qədim Romadakı istehzalı "Apollona icazə verilən buğaya yasaqdır" deyiminə söykənir. "Buğa" qismində isə hədəfə alınan ölkənin suverenliyi, müstəqilliyi və hakimiyyəti qəbul olunur, "insan haqlarının təminatındakı problemlərin müzakirəsi" adlı korrida-şou düzəldilir ki, bu məzhəkə daha çox "Mappet Şou"nu xatırladır.

Niyə də yox ki... "Azərbaycanda insan haqlarının və demokratik təsisastların vəziyyəti" adlı müzakirədə Avropa Birliyinin insan hüquqları üzrə komissarı Nil Mujniyeks özünü bir zamanlar "büt" hesab etdiyi lideri Latviya Birinci Partiyasının sədri Aynar Şlesersin keçirdiyi toplantıda hiss edib pafosa qapılması ilə fərqləndi.

ATƏT-in KİV və söz azadlığı üzrə komissarı Dunya Miyatoviç "Azərbaycanda azad medianın təqibi"ndən danışıb Orta Asiya ölkələrinə səfərlərini və o səfərlərdən dönəndən sonra çox "müəmmalı" məzmunlu hesabatlar hazırlanması, həmin hesabatlara görə saxtakarlıq, ikiüzlülük və subyektivizmdə suçlanmasını "unudursa", baş verənlər şou deyil, nədir?!

"Ah, bu ki, Xədicədir..."

ATƏT DTİHB-nin müzakirələrində fasilə zamanı dəhlizdə ABŞ dövlət katibinin insan haqları üzrə məsələlər üzrə köməkçisi Tom Malinovski az qalmışdı ki, kövrəlsin. O, masa üzərindəki kiçik noutbukun monitorunda Skype vasitəsilə Xədicə İsmayılova ilə danışırdı.

Daha doğrusu, Xədicə İsmayılova amerikalı diplomatla danışır, Azərbaycandan bəhs edirdi. Malinovskiyə nələrin deyildiyini təxminləmək çətin deyil: ötən həftə ABŞ Konqresindəki Tom Lantos komissiyasında AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin "Azadlıq" radiostansiyasının erməni xidmətinin əməkdaşları və Dağlıq Qarabağdakı terrorçu rejimin lideri Bako Saakyanın oğlu Armen Saakyanla birgə qatıldığı "dinləmə"də nə deyilmişdisə, Xədicə İsmayılova həmin "ərzi-hal"ın bir qədər yeni interpretasiyasını seçmişdi.

Monitordakı Xədicəni diqqətlə dinləyən T.Malinovskinin kövrəlmə mərhələsi başa çatandan sonra o, eşitdiklərindən az qala konspekt tutacaqdı ki, buna da Azərbaycandan yollanan və ya xarici ölkələrdə yaşayıb Azərbaycandakı durumdan "ekspert" kimi danışan azərbayanlıların yığışması mane oldu.

Emin Hüseynov: yenə də yenidən...

Bakıdakı "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"nun (RATİ) sabiq rəhbəri, qrantlar qismində aldığı külli miqdarda maliyyə vəsaitini vergilərdən yayındırdığı sübut edilən və İsveçrəyə qaçaraq orada "siyasi qaçqın" həyatı sürdüyünü iddia edən Emin Hüseynov Azərbaycanda "insan haqlarının pozulması" mövzusunda bayatını ifa edəndən sonra "siyasi qaçqın"a çevrilməsina toxunub.

Müzakirələrdə səslənən fikirlərdən birinə görə, "hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib".
Şounun daha bir yalanı... Çünki Emin Hüseynov Azərbaycanın dövlət başçısına məktub yazaraq vətəndaşlıqdan məhrum edilməsini xahiş edib. Azərbaycan qanunvericiliyi çərçivəsində bir addımdır.
Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri Bakıya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub.

Baş verənlərlə bağlı sənədlər, yazışmalar, ən nəhayət, E.Hüseynovun özünün məktubu var və kimsə onu Azərbaycan vətəndaşlığından çıxarmayıb.

Ermənidən ruhlanana salam olsun...

Bir müddət Türkiyə ermənilərinin "Aqos" qəzetində çalışan və orada erməni diasporunu təmin edərək razı salan "düzgün mövqe" tutduğuna görə az qala "köşə yazarı" (columnist) statusuna yüksəldilən Arzu Qeybulla ATƏT DTİHB-indəki ədalətsizliyi görərək, etiraz etdimi?! Xam xəyala qapılmayaq - tam əksinə, Arzu xanım Varşavadakı müzakirələrin, əslində, Azərbaycanın "vurulması" prosesinə döndərilməsinə etiraz edən, Avropadakı miqrant problemindən danışıb Azərbaycanda insan haqlarını bəhanə edərək Bakıya kobud təzyiqlərin edilməsinə qarşı çıxan yüzlərlə, minlərlə azərbaycanlının, xüsusilə də gənclərimizin Twitter-də "#hdim2016" heşteqi ilə fotolar, videolar və məlumatlar paylaşmasını ikrahla qarşılayıb.

Bununda da kifayətlənməyən A.Qeybulla həmin gənclərin yazdıqlarından ibarət kollaj hazırlayaraq yayıb və təhqiramiz şəkildə yazıb: "Azərbaycanın troll ordusundan hər kəsə salam".

Siyasi sifarişin belə primitiv icrası, qərəzin aşkar nümayişi, subyektivizmin belə naqolay göstərişi və ən nəhayət, millətinə və dövlətinə nifrətin belə apefeozu hər hansı şərhə, təhlilə ehtiyac duymur.

Avropa niyə özünə baxmır?

"Qərbi Avropa indi insan hüquqlarının kütləvi şəkildə pozulduğu məkana çevrilib. Miqrantlarla bağlı situasiyaya, müxtəlif mövzularda yazmalarının yasaqlandığı qəzetlərlə bağlı duruma baxın... Bu qəzetlərə "mülayim məsləhət" formasında bildirilir ki, Qərb ölkələrinin, ilk növbədə Avropa Birliyinin siyasətinə kölgə sala biləcək materiallar dərc etməsinlər. Ən müxtəlif ölkələrdə insan haqlarının pozuntularını araşdıran Avropa Birliyi elə özünə baxsa, yaxşı olmazmı?!"

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovun dediyinə görə, Qərbi Avropada indi insan haqları kütləvi şəkildə pozulur.

"Avropa niyə özünə baxmır?" və ya "ATƏT Bakıdan nə istəyir?" sualları artıq ritoriklik səviyyəsindən çıxaraq sakral sorulara çevrilib ki, cavabı çoxdan məlumdur.

Hüquqları tapdalayanlar hüquqlardan danışır

"Amnesty International", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar, habelə Azərbaycanda "məhkəmə sisteminin fəaliyyəti və insan haqlarının təminatı ilə bağlı dözülməz vəziyyət"dən sürəkli bəhs edən Qərb mediasının qərəzli olmadığı iddia olunur.

Ölkəmizdəki müxalifət partiyalarının rəhbərləri ilə funksionerləri, Facebook "trol"ları, QHT-lərdə qrantlar hesabına rahat yaşama alışmış şəxslər də bu iddiaları təkrarlayırlar.
Dünən ATƏT DTİHB-nin təşkil etdiyi müzakirələrdə Azərbaycanın ünvanınan səslənən ittihamlar arasında ABŞ, Bosniya, Latviya və Almaniya nümayəndələri xüsusi yer tuturdular.

ABŞ-da siyasətin şəffaflığı və insan haqlarının təminatı ilə bağlı situasiyanı geniş təhlil etməyə dəyməz.
Sadəcə, Viskonsin məhkəməsində "Skott Uokerin işi" ilə bağlı səslənən, ABŞ siyasətinin çirkablarını üzə çıxaraq faktlarla tanış olmaq yetər. "Con Dou faylları" adlanan, 1500 səhifədən ibarət bu materiallar Birləşmiş Ştatlarda iri korporasiyaların demokratik prosesi tam nəzarət altına almaqla yanaşı, ölkə rəhbərliyi və Konqresin qəbul etdiyi qərarlara çox ciddi təsir imkanlarına yiyələnməsindən bəhs edir.
Azərbaycanı "insan haqlarını pozmaq"da suçlayan ABŞ-da bu ilin əvvəlindən bəri polislərin heç bir suçu olmayan 34 nəfəri güllələmələrini; 23 ştatda 215497 ailənin ipoteka borclarına görə evlərindən küçələrə atılmalarını və bu insanların hüquqlarının kobud şəkildə pozulmalarını israrla demələrinə rəğmən, dövlət qurumlarının onları qulaqardı etmələrini; Nyu-York, Feniks, Detroyt, Filadelfiya şəhərlərində 73 insanın hüquqlarının pozulması ilə bağlı müddətsiz aclıq aksiyalarına başlamasını, ən nəhayət ABŞ-ın ən zəngin və "bəxtəvər" ştatı sayılan Kaliforniyada insan haqlarının sürəkli pozulmasından bezən yüzlərlə amerikalının "Yes California!" hərəkatı yaradaraq və Luis Cey Marinellini də bu quruma sədr seçərək ABŞ-dan ayrılmaq, müstəqil dövlət qurmaq niyyətinə düşdüklərini də xatırlaya bilərik.

Amma əfsuslar olsun ki, "The American Conservative"in yazdığı kimi, "Vaşinqton həmişə ram etməyə çalışdığı, öz marionetkasına döndərmək istədiyi ölkələri məhz "insan haqları pozuntusu" ittihamı ilə vurur".

ABŞ Vyetnam və Haitidən tutmuş, Liviya, İraq, Suriya, Yəmən, Honduras, Nikaraqua və s. ölkələri "İnsan haqları pozulur!" qışqırığından sonra hədəfə almışdı.

Panamanın prezidenti Fransisko Rodriges də müstəqil siyasət yürütdüyünə görə Vaşiqtonun qəzəbinə gəlmiş, ABŞ "Operation Just Cause" ("Haqq işi əməliyyatı") adlı əməliyyata başlayaraq Panamaya qoşun yeritmişdi. Taleyin ironiyasına bax ki, işğalın rəsmi səbəbi kimi "amerikalı zabitin qətlə yetirilməsi" göstərilmişdi: guya Dəniz Piyadaları korpusunun leytenantı (1st Lieutenant Robert Paz of the United States Marine Corps) evinin qarşısında "Panamadakı korrupsioner, insan haqlarını pozan rejimin əmri ilə güllələmişdilər". Halbuki, Pası güllələyən, sonra onun arvadını zorlayan şəxs panamalı hərbçi formasını geyinmiş amerikalı zabitdi və o, əmri yerinə yetirirdi. Bu olay barədə müfəssəl məlumatlar ABŞ-daku Miluoki Universitetinin dərc etdiyi "The Panama invasion revisited: lessons for the use of force in the post Cold War era" kitabında yer alıb.

Azərbaycanı sürəkli "araşdıran" Almaniyaya gəldikdə isə, Bakıda "məhkəmə sisteminin yarıtmaz fəaliyyəti"ndən ATƏT DTİHB-də danışan alman "yorğun demokrat"ın nəzərinə bəzi faktları çatdırmaq istərdim.

Almaniyada məhkəmələrdə hakimlərin "sertifikat" adlandırdıqları qanunsuz hökm çıxarmaları prosesi geniş yayılıb. Bu ilin əvvəlindən bəri 3 mindən artıq alman iş yerlərində hüquqlarının kobud sürətdə pozulması ilə bağlı məhkəmələrə şikayət etsələr də, onların ərizələri qəbul olunmayıb.

Almaniyanın məhkəmə sistemi habelə, ölkədə 5,7 milyon vətəndaşın insan haqlarının çox kobud şəkildə pozulmasına göz yummaqda suçlanır.

Hətta Almaniyanın Federal Ali Məhkəməsi belə, insan haqlarını kobud şəkildə pozur: ilkin instansiya məhkəmələrinə ünvanlanan qərarlar yerinə yetirilməsə də, susqunluq hökm sürür.

Misal kimi, Şlezviq-Qolşteyn, Münhen, Köln federal məhkəmələrinin bibaırçı fəaliyyətləri ilə bağlı bitmək bilməyən şikayətləri göstərmək olar.

"Almaniya siyasətçiləri və məmurlar ölkədə insan haqlarının pozulması barədə danışmaq istəmirlər. Bizim siyasətçilər yalnız geosiyasi "hədəf" seçdikləri ölkələrdə "pozuntu"lar barədə danışırlar", - bunu Bild yazıb.

Strasbruqdakı İnsan Haqları Mərkəzinin direktoru Harri Mürreyin "Almaniyada insan haqlarının pozulması fəlakətli sunamiyə bənzəyir: ən təməl hüquqlar pozulur, hətta yuvenal ədliyyənin prinsipləri belə, hesaba alınmır" açıqlaması, fikrimizcə, rəsmi Berlin üçün "tərs şapalaq" sayıla bilər.

Avropa Şurasının Nazirlər Kabinetinin Vyanada keçirilmiş toplantısında soyuqqanlılıqla qarşılanmış "Avropada demokratiya, insan haqları və qanunun aliliyi haqqında" hesabatına nəzər salaq. Hesabatda bildirilir ki, Avropa Birliy ölkələrində milli və dini azlıqların hüquqları kobud şəkildə pozulur, ksenofobiya, antisemitizm və islamofobiya halları həndəsi silsilə ilə artır; həbsxanalarda məhbusların saxlanma şəraiti ilə bağlı problemlər var.

Avropa Birliyi ölkələrində korrupsiya və rüşvətxorluq, hüquq-mühafizə orqanları və məhkəmələrin özbaşınalıqları, miqrantların haqlarının pozulması artıq adi hala çevrilir.

Parisdə çıxan "Le Parisien" ötən sayında ritorik sual verib: "Cənab Avropa Birliyi məmurları! Fransada yəhudi, Britaniyada müsəlman miqrant, Almaniyada fəhlə, İtaliyada müsəlman və ya müəllim olmaq istərdinizmi?!"

Milli.Az


Müəllif: