12 Oktyabr 2016 21:14
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi yolunda xeyli məsafə qət edilib. Bu günlərdə Türkiyədə keçirilən 23-cü Dünya Enerji Konfransında isə Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin iştirak etmələri bu ölkələrin iştirakı ilə yeni güc mərkəzinin yaranması fikrinin güclənməsinə səbəb olub. Hər üç ölkə davamlı olaraq Qərbin əsassız tənqidlərinə məruz qalır. Eyni zamanda dünən Rusiya prezidenti Vladimir Putinin Fransaya səfəri təxirə salınıb. Güman olunur ki, Putinin Parisə dəvət edilməsi ilə bağlı tənqidlərlə üzləşən F.Olland belə bir addım atmaq məcburiyyətində qalıb. Bu baxımdan Türkiyə, Rusiya və Azərbaycanın bir-birinə daha sıx inteqrasiyası həm də günün tələbinə çevrilib.

Ancaq Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bu fikirlərlə razılaşmır. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Türkiyənin NATO ölkəsi olduğunu yaddan çıxarmaq olmaz. Onun sözlərinə görə, NATO ölkəsi heç vaxt Qərbin ağuşundan çıxa bilməz: “Türkiyəni məhəbbət rəmzi kimi elə qucaqlayıblar ki, o tərpənə bilmir. Ona görə Türkiyə ilə Rusiyanın iqtisadi əməkdaşlığı ola bilər, amma digər sahələrdə əməkdaşlıq olmayacaq. İstanbulda görüşüblər, çox mehriban danışıblar, iqtisadi cəhətdən çox mühüm müqavilələr bağlayıblar, amma bunun hərbi əməkdaşlığa heç bir dəxli yoxdur. İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərlərinin əlaqəli şəkildə fəaliyyət göstərəcəklərinə dair razılaşma isə hərbi deyil, hərbi-texniki əməkdaşlıqdır. Bu əməkdaşlıq həmişə olub”.

Türkiyənin NATO ölkələri arasında Rusiya ilə əməkdaşlıq edən yeganə ölkə olduğunu xatırlatdıqda A.Əlizadə deyib: “İndi sanksiyalar dövrü olduğu üçün digər NATO ölkələri Türkiyə ilə əməkdaşlıq etmirlər. Amma adətən Qərb Rusiya ilə çox sıx əlaqələr saxlayırdı. Qərbi Avropa ölkələrinin özlərinə qalsa onlar kəfəni yırtıb qaçarlar. Çünki hamısı Rusiya ilə əməkdaşlığa can atırlar”.

Bəs, yaxın gələcəkdə Türkiyənin Qərblə münasibətlərinin daha da pisləşməsi, Rusiya ilə yaxınlaşmasını ehtimal etmək olarmı? A.Əlizadə bu suala cavab olaraq “yox” deyib: “Bir daha demək istəyirəm, NATO dövlətləri bir-birlərinə o qədər bağlıdırlar ki, o təşkilatdan çıxmaq mümkün deyil. Avropa Birliyindən çıxmaq olar. Yada salmaq istəyirəm ki, Fransanın görkəmli dövlət xadimi, prezident Şarl de Qoll Fransanı NATO-nun hərbi qanadından çıxarandan sonra o saat kütləvi iğtişaşlar, tələbə iğtişaşları başladı və o istefaya getməli oldu”.

Ancaq faktdır ki, son vaxtlar Rusiya-Türkiyə münasibətləri strateji xarakter almağa başlayıb. Türkiyə Rusiya və Çinin dominant olduğu Şanxay Əməkdaşlıq Təşkilatına ciddi şəkildə meyl etməyə başlayıb. A.Əlizadə bununla bağlı deyib ki, meyl göstərmək ayrı, üzv olmaq tamam ayrı şeydir: “Biz də Qarabağ məsələsini hərbi yolla həll etməyə meyl göstəririk. Lakin müəyyən diplomatik etiketi gözləməliyik. Ona görə də daha qətiyyəli addımlar atmırıq. Bilirsiz, dünya elə dünyadır ki, hər dəfə dövlət başçısı addım atanda bu addımın onun ölkəsinə yaxşılığa və pisliyə doğru nə verəcəyini ölçüb-biçməlidir. Biz elə bir dövlət deyilik ki, hamı ilə 180 dərəcədə müharibəyə daxil olaq”.

Türkiyə ilə əməkdaşlığın Rusiya üçün nə demək olduğuna aydınlıq gətirən deputat Rusiyanın müəyyən iqtisadi maraqlarının olduğunu, o maraqların da həyata keçirildiyini vurğulayıb: “Eyni zamanda Rusiya Suriya və İraqla qonşuluqda yerləşən Türkiyədən dəstək almaq istəyir”.

V.Putinin Fransaya səfərinin təxirə salınmasına gəldikdə isə, A.Əlizadə deyib ki, bu, əlbəttə, Ollandın prezident kimi Fransa kimi bir dövlətə yaramadığını bir daha sübut edir: “Çünki dünən bir söz, bu gün bir söz deyən prezidentin nə xalq, nə də beynəlxalq aləmdə hörməti olmaz. Ən əsası da onu deyim ki, motosikletə minib məşuqəsinin yanına gedən prezidentdən nə gözləmək olar?!”

Azərbaycanın yürütdüyü siyasətlə bağlı fikirlərini bölüşən A.Əlizadə deyib ki, ölkə siyasətçilərinin 99,99 faizi müstəqillik əldə etdikdən sonra bizim yeganə müttəfiqimizin avroatlantik məkan olduğunu iddia edirdilər: “İndi o siyasətçilər desinlər ki, səhv etmişik. Nəsə mən bunu eşitmirəm. Azərbaycanın maraqları Azərbaycanın özündədir. Azərbaycan qərblə də, şərqlə də, şimalla da, cənubla da normal münasibətlər qurmalıdır. Ona görə biz müxalifət partiyası olsaq da, prezidentimizin xarici siyasətini tam dəstəkləyirik. Azərbaycan artıq özünə böyük qardaş axtarmır, heç kimin qoltuğunun altına girmək fikri yoxdur. Azərbaycan çox uğurlu müstəqil xarici siyasət yürüdür”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər