Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycanın işğal olunmuş 5 rayonunun azad olunmasının gündəmdə olması ilə bağlı verdiyi son açıqlama geniş rezonans doğurub. Nazir bildirib ki, Rusiya Türkiyə tərəfi ilə bu ideyanı paylaşıb, Ankara da bunu dəstəkləyib.
Ancaq Türkiyə xarici siyasət idarəsi rəhbərinin fikirləri reallıqla qətiyyən səsləşmir. Məsələ ondadır ki, dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyinin olmadığını bildirib. Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək. Y.Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur. “Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, – deyə o vurğulayıb.
Belə olan təqdirdə M.Çavuşoğlunun bu açıqlaması qəribəliyi ilə seçilir. Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-a bildirib ki, o, Çavuşoğlunun bu məsələdə səmimi olmasına şübhə etmir. F.Sadıqovun sözlərinə görə, Türkiyə həqiqətən də məsələnin Azərbaycanın maraqlarına uyğun formada həllinə çalışır: “Lakin, Rusiya ilə razılaşdırılma fikrini mən o qədər də müsbət qarşılamıram. Çünki burda bir çox şübhəli məqamlar var. İş ondadır ki, Çavuşoğludan sonra Rusiya prezidentinin köməkçisi Uşakov çıxış edib. O bəyan edib ki, hər halda yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli gözlənilmir. Onun sözlərindən belə çıxdı ki, bu təkliflərin müqabilində nəsə olmalıdır. Yəni, digər rayonları bizə qaytarırlarsa, bunun müqabilində bizdən nəsə istəyəcəklər. Dağlıq Qarabağdakı qondarma rejimin tanınması məsələsi gündəmə gələ, digər məsələlər ortaya çıxa bilər. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Çünki biz bütün məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik. Biz bunu dəfələrlə demişik və bu bizim prinsipial mövqeyimizdir. Amma eyni zamanda mən şübhə etmirəm ki, bu məsələ Türkiyədə keçirilən Dünya Enerji Konfransında müzakirə olunub. Əlbəttə, Türkiyə-Rusiya yaxınlaşması məsələnin həlli ilə bağlı həm Türkiyə, həm də Rusiya tərəfindən səylər göstərildiyini sübut edir”.
F.Sadıqov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çətin məsələdir və yaxın gələcəkdə onun həllini gözləmək mümkün deyil: “Amma hər halda regionun iki aparıcı oyunçusu olan Türkiyə və Rusiyanın bir araya gəlməsi, məsələnin həllinə çox müsbət təsir edə bilər”.
Politoloq bildirib ki, M.Çavuşoğlu heç də öz arzu və istəyini dilə gətirməyib: “Çavuşoğlunu arzu və istəyi Türkiyə rəhbərliyinin arzu və istəyi ilə üst-üstə düşür. Mən buna şübhə etmirəm. Bizim maraqlarımızı nəzərə almaq və münaqişəni Azərbaycanın maraqlarına uyğun şəkildə həll etmək Türkiyənin rəsmi mövqeyidir. Amma mən bir məqamı qeyd etmək istəyirəm. Əgər biz Çavuşoğlunun açıqlamasını diqqətlə oxusaq, orda 5 rayonun qaytarılmasının konkret olaraq həll olunması, buna Rusiyanın “hə” dediyi, Ermənistanın buna razı olduğu fikrinin səsləndirilmədiyini görərik. Sadəcə olaraq görünür, müzakirələr zamanı bu məsələ qaldırılıb, tərəflər bunu ciddi şəkildə müzakirə ediblər, öz mövqelərini bildiriblər və hər halda münaqişənin həlli bu rayonların qaytarılmasından başlamalıdır. Bu, görünür, Çavuşoğlunun həm şəxsi, həm də rəsmi mövqeyidir. Amma bir daha qeyd etmək istəyirəm, orda heç bu məsələnin həll olunduğu və məsələyə nöqtə qoyulduğu deyilmir. Orda belə bir ifadə yoxdur. Çavuşoğlu bunu sadəcə, ehtimal kimi irəli sürüb və bununla bağlı öz şərhini verib”.
Səxavət HƏMİD