18 Oktyabr 2016 04:35
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı məqaləsi nüfuzlu Yaxın Şərq Xəbərlər Agentliyində, geniş oxucu kütləsinə malik “Əl-Masr Əl-Yaum”, “Əl-Əxbar”, “Əl-Bələd”, “Dostor” internet qəzetlərində və digər portallarda yayılıb.


AzərTac xəbər verir ki, məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini bildirən səfir Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya etdiyini diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və əməkdaşlıq münasibətləri qurduğunu qeyd edib.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barədə məlumat verib, xarici və daxili təhlükələrin fonunda yenicə əldə edilmiş müstəqilliyin təhlükə altına düşmüş olduğunu nəzərə çatdırıb.

Belə bir çətin zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyini və məhz onun müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən diplomat Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini, Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğunu, ölkədə demokratikləşmə prosesinin başlandığını, “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən T.Rzayev Azərbaycanın neft və qaz boru kəmərləri vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulayıb, gənclər siyasəti, elm, təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə məlumat verib.

Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektoru və sənaye sahəsinin inkişafında görülən məqsədyönlü tədbirlərə toxunan səfir 2003-cü illə müqayisədə 2012-ci ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizə qədər azaldığını, Azərbaycanın xarici valyuta ehtiyatlarının 55 milyard ABŞ dollarından çox olduğunu və son illər ərzində iqtisadiyyatın 3 dəfə artdığını vurğulayıb və müstəqillik illərində çox böyük həcmdə investisiyalar cəlb etdiyini nəzərə çatdırıb.

Səfir Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu qeyd edib və ölkəmizi daha böyük perspektivlərin gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Müstəqillik Günü ilə əlaqədar səfirlikdə Misirin təhsil ocaqlarında təşkil olunmuş “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsində iştirak etmiş qalib tələbələrə mükafatların verilməsi, Azərbaycan diasporu və tələbələri ilə görüşlərin keçirilməsi, eyni zamanda, Misirin yerli televiziya və mətbu orqanlarında müvafiq sənədli filmin və yazıların verilməsi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər