27 Oktyabr 2016 21:24
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır. Bələdiyyələr yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur".

Telqraf.com xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov deyib.

Deputatın sözlərinə görə, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etməyiblər: "Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur. Belə ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir”.

K.Bayramov bildirib ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşagı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. Lakin bu sahədə 2014-cü ildə dəyişikliklər baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə edib. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb”.

Deputat deyib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var: “Həmin müəssisələrdən mənfəət vergisi alınır ki, bu da onların fəaliyyətini stimullaşdırır. 2007-2010-cu illərdə 40-dan çox bələdiyyə müəssisəsi var idi. Bu müəssisələr sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı, mineral su istehsalı fəaliyəti və s. var idi. Son zamanlar isə onların işi zəiflədi, çoxları fəaliyyəti dayandırdılar. Hazırda məsələ ilə bağlı işlər gedir. Qanunvericiliyə edimiş son dəyişikliklərə əsasən bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur. Subvensiyaların dotasiyalardan fərqi odur ki, o konkret layihələr üçün nəzərdə tutulmuş vəsaitdir. Millət vəkili seçildiyim Şəmkir rayonunda 42 bələdiyyə var və onların hər birinin müəssisələri fəaliyyət göstərir. Hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər