28 Oktyabr 2016 12:23
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantin sahəsində ənəkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. O, deyib ki, bu sahədə Azərbaycanla İran hökumətləri arasında müvafiq saziş imzalanıb: “Saziş 12 maddədən ibarətdir və bunun icrasını hər iki dövlətin Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək. Bu vacib sənəddir. Hər iki ölkənin elmi tədqiqat institutuları arasında da əməkdaşlıq etmək haqda razılığa gəlinib. Bu sazişin tətbiqi zamanı yaranacaq fikir ayrılığı qarşılıqlı müzakirələr yolu ilə həll ediləcək. Komitəmiz layihənin təsdiq edilməsinin məqsədəmüvafiq olduğunu hesab edir”.

Daha sonra “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin” Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsi müzakirə edilib.

Bu haqda deputatlara Azər Kərimli məlumat verib. O deyib ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü keçirilib, prezidentlər birgə bəyannamə qəbul edib: “Biz bu bəyannaməni tarixi sənəd hesab edirik. Burada qarşılıqlı sərmayələrin qoyulması, turizm məsələsi öz əksini tapıb. Eləcə də Xəzər dənizinin hüququ statusuna dair konvensiyasının tezliklə həlli, Şimal-Cənub dəmir yolunun birləşdirilməsi, terrorizmə qarşı birgə fəaliyyətin gücləndirilməsi kimi məsələlər öz əksini tapıb”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, Azərbaycan qonşuları ilə yüksək səviyyədə münasibətlər qurmağın tərəfindədir: “İranda bizim milyonlarla soydaşımız yaşayır. Mən dəfələrlə viza məsələsini qaldırmışam. Rusiya ilə viza sistemi aradan qaldırılıb. Hesab edirəm ki, hökumət İran və Türkiyə ilə viza məsələsinə bir daha diqqət yetirməlidir”.

NEMƏT


Müəllif: