2 Noyabr 2016 09:52
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton şəhərinin Kiçik və yerli biznes inkişafı departamentinin təşkilatçılığı ilə Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ-ın paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə cari ilin 15-16 sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərlə yanaşı bu ölkənin Ticarət Nazirliyi, Vaşinqton şəhəri merinin ofisi və Kiçik və yerli biznes inkişafı departamentinin nümayəndələri iştirak edib.

Görüşdə ilk olaraq, paytaxt Vaşinqtonun Kiçik və yerli biznes inkişafı departamentinin Beynəlxalq proqram üzrə meneceri Conatan Bredi qeyd olunan ticarət missiyasının səfəri barədə təqdimat edib, səfər çərçivəsində İqtisadiyyat, Təhsil və Mədəniyyət və Turizm Nazirlikləri, ADA Universiteti və AZPROMO-da, eləcə də potensial biznes tərəfdaşları ilə keçirdikləri görüşlərdən söz açıb. O, həmin görüşlərdə tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları, ticarət, şəhərsalma, turizm, təhsil sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair faydalı müzakirələr aparıldığını vurğulayıb. J.Bredi Azərbaycanda səfərdə olduqları zaman gördüklərinin, xüsusilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin, paytaxt Bakı ilə bərabər regionlarda aparılan işlər və yaradılmış infrastruktur imkanlarının onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını dedi. O, eyni zamanda, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini söyləyib. Qeyd edilməlidir ki, Şəkinin tarixi və Qəbələdə son dövrlər yaradılan müasir turizm infrastrukturu qonaqlarda böyük təəssürat yaradıb, Bakı ilə yanaşı regionların turist marşrutlarına daxil edilməsi tövsiyə edilib.

Görüşdə çıxış edən səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, o, Azərbaycanın iştirakı ilə regionumuzda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışıb, şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirib. Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu söyləyib və tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd edib. Həmçinin, bu gün bölgənin iqtisadi, siyasi mərkəzi olan Azərbaycanın dünyanın turizm mərkəzinə çevrilməsi üçün böyük imkanların olduğunu deyən səfir son dövrlər ölkəmizə gələn turistlərin sayının nəzərə çarpan səviyyədə artığını söyləyib.

Azərbaycanlı diplomat xüsusilə ölkəmizin əksər neft ixrac edən dövlətlərdən fərqli olaraq, Azərbaycan üçün enerji sənayesinin yeni bir fenomen olmadığını, Azərbaycanın neft sənayesinin iki əsrə yaxın tarixi olduğunu, hətta dünyada ilk neft quyusunun ölkəmizdə qazıldığını diqqətə çatdırıb və məhz, Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, ölkə başçısının uzaqgörən strategiyası nəticəsində neftdən gələn gəlirlərin bütöv region və Azərbaycanda infrastruktur və qeyri-neft sektorunun inkişafına yönləndirildiyini vurğulayıb. Bildirilib ki, hazırda neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əsas infrastruktur layihələri öz bəhrəsini verməkdədir.

Vaşinqton şəhəri merinin ofisinin Protokol və beynəlxalq əlaqələr üzrə direktoru Patrisiya Elvud tədbirdə çıxış edərək, Azərbaycana baş tutmuş ticarət missiyasının ümumilikdə Bakı ilə Vaşinqton arasında müxtəlif sahələrdə təmasların qurulması və əməkdaşlığın təşviqi baxımından səmərəli olduğunu və bunun gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildirib.


Müəllif: