11 Noyabr 2016 22:25
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donald Trampın prezident seçilməsi ABŞ-ın xarici siyasətində kardinal dəyişikliklər yaratmayacaq. Hakimiyyətinin ilkin mərhələsində ən müxtəlif istiqamətlərdə manevr edərək yeni dünya siyasəti yaratmağa cəhd etsə belə, bu o qədər də asan olmayacaq. Hələ əsaslı dəyişikliklər üçün ciddi cəhdlər edib-etməyəcəyini də bəri başdan əminliklə söyləmək mümkün deyil. Baxmayaraq ki, Tramp seçki kampaniyasında bir sıra radikal bəyanatlar verərək xarici siyasətdə ciddi dəyişikliklər edə biləcəyi ilə bağlı siqnallar vermişdi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, D.Trampın çox maraq doğuran fikirlərindən biri hamı ilə dost olmaq və başqa ölkələrdə qanuni seçilmiş hakimiyyətləri devirməklə bağlı ənənəyə son qoyacağı ilə bağlı idi: “Bu fikir nədənsə lazımi qədər diqqət cəlb etmədi. Halbuki, olduqca maraqlı etiraf idi və ABŞ-ın xarici siyasətini obyektiv şərh etmək üçün çox yaxşı və etibarlı mənbə idi. Ya da Trampın İŞİD-i Obama və Klintonun yaratması ilə bağlı fikirləri düşünürəm ki, son dövr beynəlxalq münasibətlər sistemində nələrin baş verdiyini və niyə baş verdiyini çox yaxşı izah edirdi. Ancaq transmilli media bu fikirlərə lazımi diqqət göstərmədiyi, yaxud onların ətrafında ciddi müzakirələr açmadığı üçün milli medialarda da sensasion xəbərə çevrilmədi. Burada bir daha transmilli medianın və internet informasiya resurslarının kimlər tərəfindən idarə olunduğu tam çılpaqlığı ilə ortaya çıxdı”.

H.Babaoğlu bildirib ki, D.Trampın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində oynaya biləcəyi rolu da məhz bu reallıqlar kontekstində, yəni ABŞ-ın ümumavrasiya siyasəti kontekstində qiymətləndirsək daha obyektiv fikir söyləyə bilərik: “Bunun üçün tələsməmək, xarici siyasətdə atılacaq ilkin addımları müşahidə etmək lazımdır. Baxaq görək Tramp ABŞ-ın dövlət maşınının iradəsinə rəğmən hansısa addım ata biləcəkmi. Düşünürəm ki, yalnız bundan sonra biz Trampın xarici siyasətini və Dağlıq Qarabağ probleminin həllinə münasibətinin necə ola biləcəyini təhlil edə bilərik. Hazırda isə bunu əsaslı şəkildə şərh etmək üçün əlimizdə kifayət qədər material yoxdur. Ümumi yanaşma isə tənqidə dözməyən fikirlər söyləməyimizə səbəb ola bilər. Yalnız onu deyə bilərik ki, bu məsələdə ABŞ-ın mövqeyi əvvəlkindən çox da fərqlənməyəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər