15 Noyabr 2016 18:48
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması Avropa Parlamenti daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib. 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyildir. Lakin hesabatın layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olmuş və subyektiv xarakter daşıyır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin internet saytında (http://meclis.gov.az) yerləşdirilən xəbərdə bəhs olunur.

Daha sonra xatırladılır ki, cari ilin sentyabr ayında Azərbaycana səfər etmiş AP heyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avroparlamentarların diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb: “Bu, eyni zamanda Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarmışdır. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmamışdır.

Məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atılmışdır. O cümlədən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri cənab Səməd Seyidov tərəfindən AP-nin Xarici Əlaqələr Komitəsinin sədri cənab Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri cənab Cavanşir Feyziyev tərəfindən Avropalı həmkarı cənab Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri cənab Fuad Muradov tərəfindən təşkilatın həmsədri xanım Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanmışdır.

Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməmiş və səsvermə ilə rədd edilmişdir.

Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin də Aİ və onun strukturları ilə münasibətlərimizin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər