3 İyul 2014 18:25
679

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı təbrik edib.

Teleqraf.com bildirir ki, təbrik məktubunda deyilir:

"Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçmiş, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir.

Biz, eyni zamanda, xalqımızın uzun müddətdən bəri həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Müəllif:
Загрузка...