“Bir neçə partiyanın bir araya gəlməsi ilə əlaqədar proses davamlı olaraq gedir. Bu prosesdə heyətə qoşulmaq istəyən tərəflərdən birinin hüququ problemi var. Həmin tərəflə bizim münasibətlərimizin rəsmləşdirilməsi onların hüququ problemi ilə bağlıdır”.
Bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Teleqraf.com-a yaxın günlərdə yeni müxalifət birliyinin yaranacağı haqda fikirləri şərh edərkən deyib.
Əli Əliyev əlavə edib ki, Azərbaycan Demokrat Partiyası ilə sədri olduğu VİP arasında heç bir problem yoxdur: “Biz artıq ikitərəfli saziş imzalamağa hazır idik. Lakin sonradan digər iki təşkilat da bu prosesə qoşulmaq istədi. Bu şəraitdə biz gözləyirik ki, tərəflərdən biri hüquqi problemini həll etsin”.
Əli Əliyev deyib ki, üçüncü tərəf kimi bu birliyə qoşulmaq istəyən partiyalardan birinin heç bir problemi yoxdur, ancaq digər bir qurumun hüquqi qeydiyyat məsələsi var. Odur ki, bu proses bir qədər uzanır.
VİP sədri qeyd edib ki, hazırda onlar dördtərəfli müzakirələr aparmır: “Hələlik formatın özü qeyri müəyyəndir. Biz Sərdar Cəlaloğlu ilə müzakirələr aparırıq. Lakin dördlük formatında heç vaxt müzakirə aparmamışıq. Bir dəfə belə bir toplantı olub, ancaq mən qatıla bilməmişəm. Vaxtaşırı telefon əlaqələrimiz var”.
NEMƏT