“Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya mən bütün şiələrin siğədən doğulduqlarını demişəm. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu BQP sədri, deputat Fazil Mustafa Feysbukda yazıb.
O, bildirib ki, özü xeyli konkret şəxsdir: “Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verirəm. Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar, bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə, "şərəfsiz bir böhtançı" sözünü işlədəcəyəm. Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum. Qaldı ki, iddia edir ki, “guya bizim tərəfimizdən Azərbaycana Suriya ssenarisi gətirilir”, buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Bu Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən bu ölkədə öz təbliğatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir”.
Cavad