Teleqraf.com 20 yanvar hadisələri ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.
- Qanlı 20 yanvar faciəsinin 27 ili tamam olur. Bu günlə bağlı düşüncələriniz nədən ibarətdir, həmin dövrü necə xatırlayırsınım?
- Bu barədə düşüncələrim hər kəsin düşüncəsindən o qədər də fərqlənmir. Amma orada iştirakçılar var idi və onlardan biri də biz idik. Bu hadisələri kədərlə, amma eyni zamanda milli əhval-ruhiyyənin, milli ruhun oyanması, arzuların yerinə yetməsi istiqamətində mühüm mərhələ kimi, düşməni silahlı, tanklı görərək xatırlayıram. Bu bir qəhrəmanlıq salnaməsi idi. 20 yanvar bizim yaddaşımızda bu cür qalacaq.
- Amma iş ondadır ki, bu faciənin səbəbkarları qismində bəzən AXC-ni də göstərirlər...
- 1988-ci ildə Meydan hərəkatının nəticəsi olaraq dünyanın məşhur jurnallarından biri azərbaycanlıları ilin qəhrəman xalqı elan etdi. Meydan hərəkatı, oyanış, sonra meydanın dağıdılması, bir il sonra sərhədlərin sökülməsi bunda rol oynadı. Əlbəttə, siz dediyiniz mövqedən çıxış edənlərin unutduqları məsələlər, qeyri-obyektiv qiymətləndirmələr var. Ancaq Azərbaycanda milli azadlıq hərəkatının vüsət alması, genişlənməsi nəticəsində azərbaycanlılar ilin xalqı oldu. Bunun nəticəsində sərhəd hərəkatı baş verdi, milli təşkilatımız yarandı. Bütün bunlar bu işləri həyata keçirən Əbülfəz Elçibəyin uzaqgörənliyinin nəticəsində baş verdi. İndi danışanda başqa şeylər də deyirlər. Məsələn, qeyd edirlər ki, sərhəd hərəkatı, tələbə hərəkatı, dəmiryol hərəkatı, filan hərəkat və s. olub. Ancaq bütün bunların hamısının başında bir milli təşkilat – Azərbaycan Xalq Cəbhəsi (AXCP) dururdu və onun da sədri Əbülfəz Elçibəy idi. Özü də bu məsələlərin hazırlanmasında birbaşa iştirak etmişdi. Tələbə hərəkatı haradan başlamışdı? Universitetdən və institutlardan! O universitetdən ki, orada Elçibəy uzun illər dərs demişdi, tələbələri və yetirmələri artıq müəllimlər idi. O yerdən ki, orada Elçibəyin səpdiyi toxumların artıq rüşeymləri var idi. Söhbət yeddilər, doqquzlar və s qruplardan gedir. Bu, Əbülfəz Elçibəyin xidmətləri idi, sonrakı mərhələdə tələbələri artıq onun silahdaşları olmuşdu və s.
Əgər xatırlayırsınızsa, 1990-cı il 20 yanvar hadisələrini qiymətləndirərkən yüksək tribunalardan narkomanlar, ekstremistlər kimi iddialar irəli sürmüşdülər. Amma milli azadlıq hərəkatının əhəmiyyəti ondan ibarət idi ki, 1990-cı ilin 20 yanvar hadisəsindən bir gün sonra Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatları bu fakta münasibət bildirmək məcburiyyətində qaldılar. Bu da milli təşkilat olan AXC-nin hesabına oldu. Nəyin necə adlandırılmasından asılı olmayaraq AXC-nin bu məsələdə müstəsna xidməti var idi. Bu xidmət nəhayətdə 1814-cü ildə Kürəkçay müqaviləsi ilə rəsmiləşən Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalının nəticələrini aradan qaldırdı. Bu xidmət-1993-cü ildə rus qoşunlarının Azərbaycandan çıxarılması ilə nəticələndi. Hətta 1990-cı il 20 yanvar hadisəsindən bir il sonra Azərbaycan müstəqilliyini elan etdi. Proseslərin nəticəsi bu oldu. Odur ki, biz 20 yanvar şəhidlərinə minnətdarlıq bildirməli, qarşılarında baş əyməliyik.
Əslində mən bu məqamın üzərində belə geniş dayanmaqda maraqlıyam. Çünki son zamanlar başqa cür qiymətləndirənlər də var. Bizim 134 nəfər şəhidimiz var idi. Bu şəhidlərlə bağlı Azərbaycan adına olan bəzi insanlarımız deyirlər ki, başqaları müstəqillik qazanmaq üçün 10 minlərlə şəhid verib, biz də 134 şəhid vermişik. Buna görə də bəzən biz müstəqilliyimizin, bayrağımızın, dövlətimizin qədrini bilmirik. Belə yanaşanlar da var. Biz də hər cür tezis və yanaşmalara hörmət etməyin tərəfdarıyıq.
- Həmin gecə siz harada idiniz?
- Mən artıq 3 gün idi ki, evdə deyildim. 21 yanvara keçən gecə artıq yataqxanaya qayıtmışdım. 19-dan 20-nə keçən gecə biz Bakı-Sumqayıt yolu ilə hərəkət edib Bakıya çatmaq istəyirdik. Xırdalan dairəsinə qədər gələ bildik, lakin burada yollar bağlı idi. Sözümün canı odur ki, biz xalqın yanında idik, əgər demək mümkünsə, olacağımız yerdə idik. Bizi də xəstəxanalarda axtarmışdılar. Artıq 20 yanvarın səhəri Sumqayıtda idik və əlimiz çatan işləri görürdük.
- 20 yanvar gecəsi mərhum Əbülfəz Elçibəy harada olub?
- Bu haqda çox danışılıb, Əbülfəz bəyin özü də bu haqda fikirlərini deyib. Mən əlavə bir söz deyə bilmərəm. Məncə, həmin vaxt AXC İdarə Heyəti harada olmalı idisə, orada idi.
- Siz AXCP fəalları və funksionerləri, habelə rəhbərləri 20 yanvar gecəsi ordunun şəhərə daxil olacağını gözləyirdiniz?
- Artıq yanvarın 19-u, günün sonuna yaxın belə işarələr var idi. Axı bir neçə gün idi ki, Mərkəzi Komitənin qarşısında mitinqlər keçirilirdi. İnformasiyalar var idi, amma belə qırğın törədiləcəyini biz gözləmirdik. 20 yanvarda, günün ikinci yarısında qırğınla bağlı məşhur fotolar artıq bizim əlimizdə idi. Biz bu şəkilləri Sumqayıtda çoxaldaraq SSRİ-nin 70 şəhərinə göndərə bildik.
- Ancaq Mərkəzi Komitənin qarşısındakı mitinqdə Primakov çıxış edərək insanları dağılmağa səsləmişdi və bəyan etmişdi ki, ordu Bakıya daxil olacaq...
- Ordunun Bakıya girəcəyi haqda məlumatlar var idi. Bizim o zaman müəyyən təxminlərimiz var idi, amma bir sutkadan sonra hər şey ortada oldu. Yəni Macarıstanda, Çexslovakiyada sovet ordusunun törətdiyi hadisələr bəlli idi. Amma Bakı ilə bağlı durum bir qədər fərqli idi. Ordu Bakıya 3 istiqamətdən hərəkət edirdi. Yanvarın 10-dan etibarən ordunun dislokasiya prosesi gedirdi. Təyyarələrlə Nasosnuda (Tağıyev qəsəbəsi) hərbi aerodroma gəlmişdilər və bu haqda xəbərlər var idi. Bakı hər tərəfdən mühasirədə idi və hərbi gəmilər Xəzərdə sahilə yön almışdı. Bütün bunlar var idi, amma belə dəhşətli qətliam gözlənilmirdi.
- Niyə?
- Çünki bu həm də ilk idi axı. Sovetin öz vətəndaşına qarşı geniş planlı hərəkət edəcəyini çoxları gözləmirdi. Moskva da düşünürdü ki, Bakıya bu cür dərs verməklə bütövlükdə prosesin qarşısını alacaq. Bu həm də bir qisasçılıq idi. 20 yanvarı nə ilə müqayisə etmək olar? Hesab edirəm ki, bunu ancaq 1918-ci ilin martında Bakıda baş verən məşhur türk-müsəlman soyqrımı ilə müqayisə edə bilərik. Həmin vaxt bu prosesi Şamuyan və Laloyanın rəhbərliyi ilə etmişdilər. Başqa sözlə, 20 yanvar həm də 1918-ci il mart qırğınlarının davamı idi. Üstəlik 20 yanvarda SSRİ ordusuna daxili qoşunlar adı altında erməni millətinə məxsus şəxslər cəlb edilmişdi. Biz bunun şahidiyik. Məsələn, yanvarın 22-də şəhidlərin dəfnindən qayıdarkən saat 17:30-dan sonra avtomobilimiz atəşə tutuldu. Biz bunları görmüşük. Həmin vaxt Sumqayıtın girişində və Boru Yayma zavodunun ərazisindən keçən dəmiryol xəttinin qarşısında da barrikadalar qurulmuşdu. İstəsəydilər, bunları da dağıdıb keçərdilər.
- Ayaz Mütəllibov bəyan edib ki, Əbdülrəhman Vəzirov Bakıya ordu girəcəyini ehtimal edirdi, amma bunu təsəvvürünə gətirmirdi. Bu nə dərəcədə səmimi yanaşmadır?
- Mütəllibovla bağlı fikrimiz odur ki, bu şəxs özünə hörmət edirsə, bu mövzularda danışmamalıdır. Ağsaqqallıq etməyi bacarmasa da, ağsaqqal kişidir, oturub eks-prezident statusundan istifadə etməli, pulunu alıb xımır-xımır yaşamalıdır.
İkincisi, Mütəllibov Əbdülrəhman Vəzirovun təsəvvürləri haqda necə düşünə bilər? Bu xəstəlikdir. Heç həkim düşünə bilməz ki, xəstə nələri təsəvvür edir. Bunun üçün pasiyenti müalicə etmək, beynini yoxlamaq və sonra qənaətə gəlmək olar.
Üçüncüsü, Vəzirovun özü bu məsələlərlə bağlı açıqlama verib. Amma Mütəllibov 20 yanvar mövzusunda danışmağa mənəvi haqqı olmayanlardan biridir.
Cavad