Azərbaycan Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “ATƏT PA-dakı həmkarlarıma” başlıqlı məqalə yazıb. Teleqraf.com həmin yazını təqdim edir:
ATƏT PA-nın 23-cü illik sessiyası artıq başa çatıb. Hamınız evlərinizə, ölkələrinizə dönmüsünüz. Sağ-salamat, təhlükəsiz. Artiq fiziki yorğunluğunuz da çıxıb. Hərçənd bəziləriniz üçün Azərbaycana səfəriniz uzun parlament ilindən sonrakı istirahət və turizm səfərinin tərkib hissəsi idi. Əlbəttə ki, ev sahibi kimi bizə - Azərbaycanlılara çox xoşdur ki, belə bir işdə Sizə yardımçı ola bildik. Eləcə də Azərbaycandakı ticarət və biznes adamları üçün də bu çox gözəl bir fürsət idi.
Amma məqsədim bu barədə danışmaq deyildi. Bilirəm ki, əsil parlamentari və siyasətçi üçün bu səfər gündəliyində müzakirə etdiyimiz məsələlər, bu ətrafda keçən diskussiyalar, qəbul etdiyimiz qərarlar və əlbəttə ki, onların yerinə yetirilməsi daha böyük əhəmiyyət kəsb edirdi. Buna birlikdə keçirdiyimiz gərgin iş həftəsinin hər günü və hər dəqiqəsi bariz sübutdur.
Eyni zamanda, əminəm ki, bəzilərinizin tanımadığı, haqqında yalnış təsəvvürləri olduğu, eləcə də, bir çoxlarınız üçün çox tanış və özünüzə yaxın (bütün mənalarda) olan bir Azərbaycanla üzləşdiniz.
Necə ki, biz azərbaycanlılara insanlıq və cəmiyyət üçün əsas dəyərlər yaxındır, Sizin üçün də burada gördükləriniz o qədər yaxın və anlaşılan olmalıdır.
Hər birimizin öz dili, öz tarixi, öz mədəniyyəti olduğu halda, hamımız üçün bir dil, bir mədəniyyət, bir tarix vardır -insanlığın tarixi, bəşər mədəniyyəti və demokratiyanın dili.
Düşünürəm ki, bu əsasda ünsiyyət hər kəs üçün asan, bu dəyərlərə əsaslanan dünya hər kəs üçün təhlükəsiz, bunun üzərində yaranan hüquq və qanun hər birimiz üçün alidir.
Bakı müzakirələrində bir çoxumuz buna əmin olduq. Qərarlarımızda, mövqelərimizdə, fikirlərimizdə milli və dövləti maraqlarımız üstünlük təşkil etsə də, bunu ən azı ATƏT regionu çərçivəsində ifadə etməyə çalışdıq. Obyektivlik naminə çox çılpaq danışsaq da, çoxluğun rəyinə hörmət ruhunda qərarlar verdik, hətta bəzi hallarda ədalətsiz olsa belə.
Diqqətimi çəkən isə ayrı-ayrı həmkarlarımızın heç bir əndazəyə sığmayan fikirləri idi ki, ona laqeyd qala bilmədim, vaxtın və etik qaydaların imkan verdiyi çərçivədə onlara cavab verməli oldum. Amma bir onu bilirəm ki, heç bir halda ədalət hissimi itirmədim, dostlarımızı məntiqli danışmağa çağırdım. Ev sahibi olmaq hissiyyatı da bunun üçün az rol oynamadı. Deyim ki, bu hiss azərbaycanlılar üçün çox müqəddəs bir hissdir. Ən qatı düşməninlə belə hörmətlə davranmağa vadar edir. Milli dəyərlərimizin tərkib hissəsi olan bu keyfiyyətimizlə qürur duyuram.
İndi siz artıq öz evlərinizdəsiniz və mən sizinlə bir həmkar kimi danışıram.
Biz çox vacib bir məsələ ətrafında çox böyük, gərgin, eləcə də maraqlı bir diskussiya apardıq. Və elə son illər bu məsələ bütün müzakirələrimizin üzərinə öz möhürünü qoymaqdadır. “Helsinki+40” və onun prinsiplərinin pozulması. Sizə bir-neçə sual ünvanlamaq istəyirəm. Sadəcə düşünmək üçün.
- Necə bilirsiniz, bu prinsiplər ATƏT regionunda hər kəs üçünmü keçərlidir?
Bütün zamanlarda, bütün hallarda eyni məqsədlər üçünmü istifadə edilir?
Və bir də biz hamımız həm ölkə, həm də bir fərd olaraq doğrumu mövqe sərgiləyirik?
Hər zamanmı ədalətli ola bilirik?
Şəxsən mən bunun belə olmadığına bu günlərdə bir daha əmin oldum. Misal üçün: 1. Öz həmkarının Dağlıq Qarabağa qeyri-qanuni, yəni Azərbaycanın müvafiq rəsmi qurumlarının icazəsi olmadan səfər etmiş, bununla da Azərbaycana gəlməsinə viza qadağası qoyulmuş həmkarının yerinə ATƏT PA-nın prosedur qaydalarını kobud şəkildə pozaraq onun yerinə səs verməsilə Fransa nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse prezidenti, mənim dostum Alan Neri nə qədər haqlı idi?
Baxmayaraq ki, mən və azərbaycanlı həmkarlarım hər zaman onu obyektiv bir parlamentari hesab edirdik və bütün seçkilərdə ona səs verərək ATƏT qaydalarının və dəyərlərinin qorunması üçün mübarizə aparacağına inanırdıq. Ancaq görünür yanılmışıq. O, elə ilk andaca nəinki bu qadağadan düzgün nəticə çıxarmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu belə unudaraq öz həmkarının maraqları naminə ATƏT PA-nın prosedur qaydalarını nümayişkaranə pozmaqdan belə çəkinmədiyini göstərdi.
Necə düşünürsünüz, ATƏT PA-nın vitse-prezidenti doğrumu etdi?
2. Eyni mövqeni Danimarkalı həmkarım Karsten Lauritzenözünün iclasımızın son günündə etdiyi çıxışında sərgilədi.
O da məlum şəxsə viza qadağasını səbəb gətirərək bundan sonra ATƏT PA-nın tədbirlərinin bizim ölkədə keçirilməsinə qadağa qoyulmasını istədi.
Alan Neridən fərqli olaraq adıçəkilən deputatı heç zaman hər hansı bir məsələ ətrafında çıxış edən və prinsipial mövqe ortaya qoyan bir şəxs kimi xatırlamıram. Və əgər o öz namizədliyini hansısa bir posta irəli sürsəydi nə mən, nə də mənim həmkarlarım, eləcə də düşünürəm ki, sizlərin bir çoxunuz ona səs verməyəcəkdiniz. Ona görə ki, onu tanımırdıq, hansı dəyərlərə üstünlük verib-verməyəcəyinə bələd deyildik. Hər birimizin yaxşı tanıdığımız Sokrat isə deyir – “Danış, səni görüm”.
Düşünürəm ki, ədalət hissindən məhrum olmayanlar onu yaxşı gördülər. Bu yerdə yenə də Sizə bir sual ünvanlamaq istəyirəm.
Necə düşünürsünüz, biz Azərbaycan olaraq ölkəmizin hüdudlarını, sərhəd qanunlarını və suverenliyini açıq-aşkar pozanlara, Helsinki yekun aktının bütün 10 prinsipini pozaraq Azərbaycan ərazisinin 20 %-ni (Dağlıq Qarabağ və ətraf 7 rayon) işğal edən Ermənistanın maraqlarını qorumağa və bu işğalın köməyi ilə separatçı bir rejimi dəstəkləməyə, onu qəbul etdirməyə, dünyada tanıtmağa xidmət edən insanlara viza qadağası qoymaqda haqlı deyilikmi?
Nəzərə alaraq ki, bütün bunların müqabilində biz yalnız ayrı-ayrı fərdlərə qadağa qoyuruq, deyin görək, 1 nəfər sərhəd pozucusuna (o, Fransa parlamentinin üzvü olsa belə) qoyulan viza məhdudiyyətinə görə (hansı ki, onun aradan qaldırılmasının çox sivil və konstruktiv yolu var. Həmin şəxsin Azərbaycanın müvafiq qurumlarına müraciəti) Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə qadağa qoyulmasına çağırışlara necə baxırsınız, bir nəfərə görə Azərbaycan dövləti və xalqı cəzalandırılsın deyilmi?
Amma bütün hüquqları pozulmuşbir milyon azərbaycan vətəndaşının haqqını kim qaytaracaq? Ən azı onu tanımağa hazırsınızmı?
Fransalı deputata ATƏT regionunda sərbəst hərəkət üçün viza istəyirsiniz.
Bu, Azərbaycan hökumətinin əlindədir. Əgər o, bu qurumlara müəyyən olunmuş şəkildə müraciət edərsə,
maneəsiz viza verilə bilər.
Bəs 1 milyon azərbaycan vətəndaşına, o cümlədən mənə - Dağlıq Qarabağ ətrafındakı Füzuli rayonundan köçkün olan Muradova Bahar Əvəz qızına, Azərbaycan Respublikasının Milli Məclisinin vitse spikerinə, ATƏT PA-da nümayəndə heyətinin rəhbərinə ATƏT regionuna daxil olan ölkələrə deyil, öz evimə - Füzuliyə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa qayıtmaq icazəsini kim verməlidir? Sizin həmkarınıza, tanıdığınız bir şəxsə, həm etnik azərbaycanlı soydaşlarımın, həm də Böyük Ermənistan ideyasının xırda girovuna çevrilmiş, Dağlıq Qarabaqda iqtisadi və sosial çətinliklər içərisində boğulan erməni əsilli Azərbaycan vətəndaşlarının haqlarını eyni dərəcədə qorumağa çağıran bir həmkarınızın sualına cavab vermək istərdinizmi?
Sizin hamınızı bu ətrafda düşünməyə çağırır, dostum Alan Neri və yenicə tanıdığım Danimarkalı həmkarımdan isə cavab gösləyirəm.