31 Yanvar 2017 17:07
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyində Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə, Komissiyanın həmsədrləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub.

Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan üzvlərinin iştirakı ilə birinci iclası keçirilib.

İclasda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templərlə inkişaf etdiyi vurğulanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib.

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al-Taninin 2016-cı ildə ölkəmizə səfərinin uğurla keçdiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevral ayında Qətərə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

Qeyd olunub ki, dövlət başçılarının müdrik təşəbbüsü ilə yaradılmış Azərbaycan Hökuməti ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib. Bu mənada, Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, eyni zamanda Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda əsas prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin qarşılıqlıq prinsipi əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda viza verilməsi təklifinə müsbət cavabın verilməsi yüksək qiymətləndirilib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış və müzakirələrin yekununa dair protokol Komissiyanın həmsədrləri Kəmaləddin Heydərov və Qətər Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən imzalanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər