24 Fevral 2017 01:29
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

22-23 fevral tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Almaniyada işçi səfərdə olub. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, bu məsləhətləşmələr çərçivəsində X.Xələfov Almaniya XİN dövlət katibi Markus Ederer və Almaniya Federal Kansler Administrasiyasında Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Knut Abrahamla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, ölkəmizin yerləşdiyi regionda yeri və rolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə Almaniyanın verə biləcəyi töhfə, Xəzər bölgəsi və regional məsələlər, eləcə də qarşılıqlı maraq kəsb edən digər beynəlxalq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb. İki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyinə toxunulub və sonuncu münasibətilə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunub.

Görüşlərdə Azərbaycanın Almaniya üçün vacib və etibarlı tərəfdaş olduğu qeyd olunub və iki ölkə arasında olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyi qeyd edilib və belə yüksək səviyyəli səfərlərin qarşılıqlı surətdə həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi razılışdırılıb. Görüşlərdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri və ATƏT çərçivəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.


X.Xələfov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatları qeyd edərək, ölkəmizdə mövcud olan əlverişli investisiya və biznes mühitinin Almaniya şirkətləri üçün də cazibədar ola biləcəyini vurğulayıb. O, Azərbaycanın Almaniya ilə turizm, kənd təsərrüfatı, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Nazir müavini Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək üçün səylərinə görə minnətdarlıq edib. Almaniya hökumətinin nümayəndələri Almaniyanın Minsk Qrupunun üzvü kimi bundan sonra da münaqişənin həllinə töhfə verməyə çalışacağını bildiriblər. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövcud status kvonun saxlanılmasının təhlükəli olduğunu vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər