Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Teleqraf.com-a verilən məlumata görə, Formula 1 yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda Formula 1-in ən yeni və ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında bu yay yenidən yarışmağı həyəcanla və səbrsizliklə gözlədiklərini deyiblər.
Valteri Bottas (Mercedes), Daniel Rikkardo və Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Perez (Force India), ikiqat dünya çempionu və ötən il Bakıda keçirilmiş Formula 1 yarışının rəsmi elçisi Fernando Alonso (McLaren) və digər pilotlar gözoxşayan mənzərəyə sahib Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını söyləyiblər.
Qeyd edək ki, bu yay Bakı Şəhər Halqasında onları yarışla əlaqədar yeni çətinliklər gözləyir. Formula 1 təqvimində Bakı Şəhər Halqasını özünəməxsus edən ensiz hissələr, 90 dərəcəli döngələr, yoxuşlar və uzun sürətlənmə hissələri bu ilki enli təkərli bolidlər üçün mübarizə şərtlərini ötən illə müqayisədə daha da çətinləşdirəcək. Pilotların Bakı təəssüratlarını təqdim edirik:
Serxio Perez: “Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndim. İndiyədək səfər etdiyim şəhərlər arasında ən gözəlidir”.
Valteri Bottas: “Bakıya yenidən səfər etmək çox xoşdur. Ötən il mənim üçün böyük sürpriz olmuşdu və mən həqiqətən bu şəhəri çox bəyənmişdim”.
Fernando Alonso: “Bizi hər zaman gülərüzlə və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm. Biz digər treklər müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”.
Nərgiz