Teleqraf.com xəbər verir ki, Prezident Temer Nümayəndələr Məclisinin sabiq sədri Eduardo Vunhaya sakit olması və istintaqla əməkdaşlıq etməməsi üçün rüşvət verib. Buna qədər isə prezidentin səs yazısı ortaya çıxıb. Yazıda prezident “belə də davam etməlisiniz” fikrini deyib.
Prezident həmçinin ölkənin ət qablaşdırma şirkəti olan JBS-nin rəhbəri Josli Batista ilə bu ilin martında görüşüb və bu görüş zamanı da müəyyən faktlar ortaya çıxıb. Hazırda Prezident Temer korrupsiya, bəzi siyasətçiləri pulla ələ almaqda ittiham olunur.
Prezident isə mətbuatın bu iddialarını rədd edir. O, bəyan edib ki, şəxsinə yönəldilən ittihamları rədd edir və bununla mübarizə aparacaq. Vəzifəsindən isə ayrılmaq niyyətində deyil:
“Ödəmə edilməsi üçün heç kimə səlahiyyət verməmişəm. Kimisə səssiz və sakit durması üçün satın almadım. İstefa vermək niyyətində də deyiləm”.
Braziliya Məhkəməsi isə verdiyi şərhdə qeyd edib ki, Baş Prokurorluq tərəfindən prezidentin sui-istifadə hallarına yol verməsinə dair istintaqın açılması üçün məhkəməyə təqdim edilən sənədlər qəbul olunub.
Prezident isə mayın 18-də onun yanına gələn senatorlara bildirib ki, o, bir sui-qəsdin qurbanıdır.
Braziliyanın ən böyük şəhəri San Pauloda toplaşan minlərlə insan isə prezidentin istefasını istəyir.