“Cari ilin 29 iyun tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanmışdır. Sözügedən məsələ ilə bağlı Səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatları barədə məlumat əldə etməyə çalışmışdır. Baş verən hadisənin qətl hadisəsi kimi törədildiyi ehtimal olunur. Hal-hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımı köməklik və dəstək göstərilir.
Bəzi Azərbaycan kütləvi informasiya vasitələrində mərhum R.Qafarovun Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olması ilə əlaqədar olaraq əsassız iddialar irəli sürülmüşdür.
Qeyd etmək istərdik ki, mərhum Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olmuşdur. Mərhum Rəşad Qafarov artıq 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olmuşdur.
İstintaq aparıldığı zaman KİV-lərdə qeyri-dəqiq məlumatın dərc olunması istintaqın gedişinə habelə, Azərbaycan Çexiyadakı fəaliyyətinə mənfi təsir göstərəcəyini zərər yetirəcəkdir. Bununla əlaqədar, məlumatların hər tərəfli yoxlanılması zəruridir”.