Həkim Minarənin ölümünə səbəb kimi ürək tutması diaqnozu qoyub.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakıda kirayə qaldığı evdə dünyasını dəyişən Məmmədova Minarənin ölüm səbəbi barədə danışarkən Xaçmaz şəhər Susayqışlaq kənd bələdiyyəsinin sədri və Minarənin bibisi Mehriban Mustafayeva bildirib.
Onun sözlərinə görə, hadisə heç bir xəstəliyi olmadan birdən-birə olub:
“Tələbə olduğu üçün kənddən Bakıya yola salmışıq. Yerləşəndən sonra mətbəxdə stəkan yuyanda birdən yıxılıb. Yanında əmisi qızı və əmisi oğlu da olub. Uşaqlar Təcili Tibbi Yardım da çağırıblar. Həkim gəlib, ürəyinin dayandığını deyib”.
Mehriban Mustafayeva əlavə edib ki, Minarə çox şən qız idi:
“Heç bir problemi də olmayıb. Getməmişdən bir həftə əvvəl bibisi qızının kənddə toyu olub. Orada yaxşı iştirak edib, oynayıb”.
Minarənin anası Məmmədova Fərqanə bildirib ki, uşaq vaxtı 12-13 yaşlarında baş ağrılarına görə, həkimə aparıb, beyninini ürəyini tamorqrafiya etdirmişdik:
“Analizlərin cavabı o yaşda olan uşaqlarda necə olmalıdırsa, Minarədə də o cür çıxdı. Həkim bir-iki vitamin yazdı və dedi ki, keçib gedəcək. Ondan sonra da heç bir problemi olmayıb”.
Qeyd edək ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib. O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub.