İsrail və Misir 2015-ci ildə bizi İranı bombalamağa məcbur edirdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ın sabiq dövlət katibi Con Kerri İsraildə nəşr olunan “Haaretz” qəzetinə müsahibəsində deyib.
Qəzet qeyd edib ki, Vaşinqtonda keçirilən bir konfransda çıxış edən Kerri İsrail və Misirin Tehran hökuməti ilə 2015-ci ildə imzalanan nüvə proqramı anlaşmasından əvvəl Obama hökumətini İranı bombalamağa təşviq etdiyini vurğulayıb:
“Bir çox dövlət başçıları ABŞ rəhbərliyinə deyirdi ki, İranın anlayacağı tək dil bomba dilidir. İsrail baş naziri Netenyahu da İranı bombalamaq üçün ABŞ-a təzyiqlər etdi”.
ABŞ-ın İranı bombalamasını gizli dəstəkləyən bu ölkələrin bombalanma hadisəsindən sonra Vaşinqtonu açıq şəkildə qınayacağının nəzərə alındığını deyən Con Kerri əlavə edib ki, o, İranın bombalanmasının bir tələ olduğunu düşünüb.
Sabiq dövlət katibi əlavə edib ki, İranın yaxın 10-15 ildə nüvə silahı əldə edib-etməyəcəyini bilmir, amma 2015-ci ildə imzalanan anlaşma ABŞ-ın əldə edə biləcəyi ən yaxşı anlaşma olub.