22 Dekabr 2017 12:49
10 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:32

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbuk sosial şəbəkə profilində məlumat yayıb.

Bildirib ki, dünən axşam saatlarında Göyçay şəhər 9 saylı orta məktəbin direktoru Akif Qəribov damarını kəsərək intihara cəhd edib.

O, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirib, durumunun ağır olduğu bildirilir.

Qeyd olunur ki, uzun illərdir məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

10:18

Göyçay rayonunun 9 saylı orta məktəbin direktoru Akif Qəribovun intihara cəhd etməsinin səbəbi hələlik tam olaraq bilinmir.

Bu barədə Teleqraf.com-a rayon sakinlərindən biri məlumat verib.

Onun sözlərinə görə, direktorun intihar cəhdinin ailəsi, yoxsa məktəblə bağlı olduğu hələlik məlum deyil:

“Dünən məktəbin kollektivindən bir nəfərin toyu idi. Hamı orda iştirak edəcəkdi. Ancaq direktorun toya gedib-getmədiyini bilmirəm. Bu gün Akif müəllimin səhhətini soruşduq. Dedilər, salamatçılıqdı”.

Rayon prokurorluğundan bildirilib ki, Akif Qəribovun intihara cəhd etməsi ilə bağlı araşdırma başlanıb. Hazırda hadisənin səbəbi araşdırılır. Araşdırmalardan sonra hadisənin səbəbi bəlli olacaq.

***

11:49

Göyçay rayon 9 saylı məktəbin direktoru Akif Qəribovun intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Bilalovun Publika.az-a verdiyi məlumata görə, hazırda onun vəziyyəti stabildir.

“Bu gün özüm yanında oldum, səhər yemək yeyib, ümumi vəziyyəti normaldır. Özü və yoldaşı ilə söhbət etmişik. Bu hadisəni törətməsinin səbəbi maddi problemlə bağlıdır. Ümumi sıxıntıları olub, kreditlə maşın alıb, sonra borcunu ödəməkdə çətinlik çəkib. Bu cür sıxıntılar üst-üstə toplanıb və belə addım atıb. Yoldaşı bir müddət əvvəl onun psixoloq yanına getməsini məsləhət görüb, lakin Akif Qəribov buna etinasız yanaşıb. Hələ ki, fiziki sağlamlığı üçün yardım göstəririk, biz də psixoloji yardım təklif edəcəyik”.

Baş həkim bildirib ki, A.Qəribovun vəziyyəti normal olsa da, azı bir gün xəstəxanada qalmalıdır.

***

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, araşdırmalar Göyçay rayon prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəciyini də açıqlayıb.

Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun vəziyyəti hazırda ağırdır.


Müəllif: Hacı Zeynalov, İlhamə Əbülfət

Oxşar xəbərlər