10 İyul 2018 16:31
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gəlmiş oğlu, Cəlilabad rayon sakini Hətəmov Elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı Elvin Hətəmovun gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilmiş 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilib.

Elşən Hətəmov Cinayət Məcəlləsinin 206.3.2-ci (q abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.2-ci (qanunsuz olaraq təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Elşən Hətəmov 2011-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib.

O, bir qrup şəxslə İrandan qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələri gətirib. Elşən Hətəmov və onun olduğu dəstə üzvlərindən təxminən 15 kiloqram həşiş və 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər