Ötən gün Lerikdə baş verən güclü zəlzələdən sonra 1-2 dəfə 3,7 və 3,2 gücündə zəif təkanlar qeydə alınıb. Eyni zamanda, avqustun 29-u səhər saatlarına kimi zəlzələ bölgəsində 60-dan çox afterşok olub.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, təkanların baş verməsi həmin ərazilərdə enerji boşalması ilə bağlıdır.
Q.Yetirmişli qeyd edib ki, ilk təkanlar Lənkəranda, Lerikdə o qədər də böyük dağıntılar əmələ gətirməyib: “Bütün baş verənlərlə maraqlanmışıq. Əməkdaşımız zəlzələnin qeydə alındığı əraziyə gedib. Təkanların hansı sahələri əhatə etdiyini dəqiqləşdirmək üçün tədqiqatlar aparılacaq”.
RSXM-nin baş direktoru əlavə edib ki, hazırda ölkədə ümumi vəziyyət normaldır: “Gün ərzində zəif təkanların olması mümkündür. Ümumilikdə isə qorxulu heç nə yoxdur”./"Report"