Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına, 2 saylı istintaq təcridxanasına və Şəki Penitensiar müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimayyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Muxtarov Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilib.
Baxış zamanı onun alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 15,380 qram olan narkotik maddə - “heroin” aşkar edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 177.3.2; 186.2.1 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Rüstəm Heydərovun qardaşı, Goranboy rayon sakini Ruslan Heydərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı torbada olan narların arasında gizlədilmiş bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Daha sonra Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən həbs edilmiş və hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs Nurəddin Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şəki şəhər sakini Zərnaz Mustafayevanın üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman adyalın arasında gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkarlanıb.
Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.9; 120.2.11; 181.3.3 və 66.3-cü maddələrinə əsasən 12 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan məhkum Orxan Rüstəmovun yanına qısamüddətli görüşə gəlmiş bibisi, Mingəçevir şəhər sakini Nəzakət Rüstəmovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,36 qram olan narkotik maddə - “marixuana” aşkar edilib.
Hər bir faktla bağlı araşdırma aparılır.