Daxili İşlər Nazirliyi paytaxtda baş verən yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub.
Nəticədə o, hadisə yerində ölüb.
Bundan başqa, Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb.
Piyada hadisə yerində ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılıb.
Daha bir yol qəzasə Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində qeydə alınıb.
Qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Bütün faktlarla bağlı müvafiq qurumlarda araşdırma aparılır.